Ölkəmizdə keçirilən “Ali təhsildə keyfiyyət təminatı" adlı  Beynəlxalq Forumun açılış mərasimində iştirak edən Türkiyənin Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri, professor Muhsin Kar səfər çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevlə görüşüb.

 

Rektor Vilayət Vəliyev AzTU ilə YÖKAK arasında əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, YÖKAK nümayəndələri mütəmadi olaraq AzTU-da görüşlər keçirir, təlimlər, seminarlar təşkil edirlər. Rektor qeyd edib ki, YÖKAK nümayəndələrinin təlimləri AzTU-nun müəllim və əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır.

 

YÖKAK-ın sədri Muhsin Kar AzTU ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini deyib. Son illər AzTU-nun Türkiyə universitetləri ilə əməkdaşlığına diqqət çəkən qonaq imzalanan ikili diplom müqavilələrinin əhəmiyyətindən də danışıb. Bildirib ki, YÖKAK AzTU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində bundan sonra da dəstəyini əsirgəməyəcək.

 

YÖKAK-ın sədri daha sonra AzTU-nun professor-müəllim heyəti ilə görüşüb.