Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin əməkdaşları Azərbaycan Texniki Universitetində (AzTU) tələbə və müəllimlər üçün məlumatlandırma sessiyası keçirib.
Beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov AzTU ilə DAAD-ın uzunmüddətli və səmərəli əməkdaşlığından danışıb. O, DAAD məzunlarının Azərbaycan təhsilinin və iqtisadiyyatının inkişafına verdiyi tövfələrdən, DAAD proqramlarının tələbə və tədqiqatçılar üçün yaratdığı fürsətlərdən də söhbət açıb. Prorektor AzTU-da alman dili tədrisini 2 il müddətində həyata keçirəcək DAAD lektorunun universitetdə tələbə və müəllimlərə faydasından da danışıb.
Daha sonra DAAD Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul DAAD-ın fəaliyyəti, əməkdaşlıq etdiyi Almaniya universitetləri, tələbə və müəllimlər üçün proqramların üstünlükləri barədə ətraflı məlumat verib.
DAAD Tbilisi Regional Ofisinin əməkdaşı Sevər Qarayeva DAAD-ın təsis etdiyi təqaüdlər, həmçinin universitet müəllimlərinə Almaniyada yaradılan tədqiqat imkanları barədə geniş təqdimatla çıxış edib.
Təqdimatdan sonra tələbə və müəllimlərin sualları cavablandırılıb.