Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun açılış mərasimi keçirilib.
Simpoziumun konsepsiyasını qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranmasına gətirməsi təşkil edir.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla simpoziumun əhəmiyyətindən danışıb, qloballaşma prosesinin akademik elmə nüfuz etməsi, bilik və tədqiqat sahələri arasındakı sərhədlərin azalması kimi faktorlar, mədəni mübadilə proseslərini öyrənən yeni bir istiqamətin - mədəniyyət transferi sahəsinin yaranması ilə bağlı fikirlərini bölüşüb:
“Bu gün bizim üçün çox gözəl bir gündür. Azərbaycanı və azərbaycanlıları sevənlər üçün bu günün xüsusi əhəmiyyəti var. Simpozium ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib. Bu konfrans Avropa ilə Qafqaz arasında bir elmi körpü rolunu oynayır. Almaniyadan, Niderlanddan, Fransadan, Gürcüstandan və başqa ölkələrdən gələn həmkarlarımızı səmimi qəlbdən salamlayıram. Ümid edirəm, bizim əməkdaşlığımız konfransdan sonra da davam edəcək. Həm Azərbaycan Dillər Universitetinin, həm də Bakı Slavyan Universitetinin auditoriyalarından konfransda iştirak edən dünyaca tanınmış alimlərin səsi ucalacaq. Konfransın təşkilində bizə yaxından kömək edən hər bir əməkdaşa təşəkkür edirəm”.
Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov konfransla bağlı fikirlərini bölüşüb. Bildirilib ki, konfrans böyük əhəmiyyətə malikdir, müəllim və tələbələrin elmi biliklərinin inkişafı istiqamətində xüsusi rol oynayacaq.
Bakı Slavyan Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev simpozium iştirkaçılarına yeni elmi istiqamətlərin və elmi tədqiqatların önəmindən, gənc alimlərin bu simpoziumda iştirakının vacibliyindən söz açıb. Gələcək elmi əməkdaşlıq və müəllim-tələbə mübadiləsi yönündə görüləcək işlərin bu simpozium vasitəsilə ilkin başlanğıc olacağını qeyd edib. Konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərildiyini qeyd edən rektor təşkilati işlərin yüksək səviyyədə aparıldığını söyləyib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov konfransın əhəmiyyətindən söz açıb, elmi əməkdaşlığın qurulmasının vacibliyindən danışıb.
Simpoziumda Avstriyanın Azərbaycandakı səfiri Aleksandr Bayerl çıxış edərək qarşılıqlı əməkdaşlığın faydalarında söhbət açıb.
Simpoziuma İtaliyadan iştirakçı kimi qoşulan Germanistika üzrə Beynəlxalq Assosiasiyanın prezidenti Laura Auteri yeni əməkdaşlıq əlaqələrinin gələcək inkişaf istiqamətlərinə toxunub. Qonaq elmi potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən birgə tədbirlərdən danışıb, konfrans çərçivəsində irəli sürüləcək və dayanıqlı inkişafa fayda qazandıracaq yeni fəaliyyət təşəbbüsləri üzrə universitetlər arasında hərtərəfli əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.
Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvars bildirib ki, tədbir yüksək səviyyədə təşkil olunub. Elmi tədqiqat üçün əlverişli imkanlar yaradılıb. Qeyd olunub ki, konfransın beynəlxalq tərədaşlıq çərçivəsində keçirilməsi yeni elmi biliklərin və təcrübələrin qazanılmasına kömək etmiş olacaq.
ADU-nun məzunu, Azərbaycanın Almaniyada sabiq səfiri olmuş Hüseynağa Sadıqov deyib ki, beynəlxalq münasibətlərin qurulmasında dillərin öyrənilməsi və elmi mübadilələrin aparılması vacib məsələlərdəndir.
Simpoziumda Almaniya, Avstriya, İtaliya, Türkiyə, Qazaxıstan, Gürcüstan və s. ölkələrin müxtəlif universitetlərindən olan alim və professorlar, gənc tədqiqatçılar və media nümayəndələri iştirak ediblər.