Lənkəran Dövlət Universitetində (LDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Regionların sosial- iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda respublika elmi-praktiki konfrans keçirilib.

 

Universitetin rektoru, professor Natiq İbrahimov Ulu Öndərin Azərbaycan dövlətinin tarixində oynadığı roldan, ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində çoxşaxəli fəaliyyətindən, təhsilin inkişafına göstərdiyi qayğıdan və bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıb.

 

LDU-nun iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyeva “Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində rəqəmsal iqtisadiyyatın rolu” mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu prioritet hədəflərdən biri də dünyada mövcud olan innovativ iqtisadiyyatın tələblərinə cavab verən, milli iqtisadi inkişaf modeli üzrə yeni iqtisadiyyatın formalaşdırılmasıdır və regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində yeni iqtisadiyyat kimi rəqəmsal iqtisadiyyat böyük aktuallıq kəsb edir. “Gələcəkdə hər bir ölkənin sosial-iqtisadi inkişafı onun yeni iqtisadi mühitə adaptasiyası və yeniliklərin tətbiqi ilə müəyyən olunacaqdır”-deyən məruzəçi qeyd edib ki, dünya ölkələri ənənəvi iqtisadi inkişaf modelindən innovativ inkişaf modelinə doğru sürətlə irəliləməkdədir.

 

Onun sözlərinə görə, bu istiqamətdə yüksək təhsilin, elmin inkişafı danılmaz faktordur, buna görə də elm və təhsil sahəsində investisiyaların həcminin artırılması, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin rolunun güclənməsi, əsasən emal sahəsində yüksək texnologiyaların aktiv tətbiq edilməsi hazırda inkişaf etmiş ölkələrdə əsas diqqət yetirilən sahələrdir. Dövlətin qarşısında duran əsas vəzifə iqtisadiyyatın modernləşdirilməsi, rəqabət qabiliyyətliliyin artırılması, yüksək ixtisaslı kadrların hazırlanması və rəqəmsal iqtisadiyyatda innovativliyi, rəqabətliliyi təmin etməkdir.

 

Məruzə ətrafında Maliyyə idarəetməsi və audit kafedrasının müdiri, dosent Əlixan Bədəlov və həmin kafedranın dosenti Natiq Mirzəyev çıxış ediblər. Çıxışlarda ölkənin ali təhsil sisteminin müasir təhsil sisteminə uyğun təkmilləşdirilməsi və yüksək ixtisaslı kadrların hazırlanması, ölkənin innovasiya sistemi üçün effektiv qanunvericiliyin yaradılması, innovasiya fəaliyyəti ilə məşğul olan qurumların koordinasiyasını həyata keçirən təşkilatın yaradılması, aqrar sektorda innovativ metodların və elmi tədqiqatların dəstəklənməsi, istehsal effektivliyinin artırılması, istehlakçı-təchizatçı arasında əlaqənin gücləndirilməsindən bəhs olunub.
 

Plenar islasdan sonra konfrans işini bölmələrdə davam etdirəcək.