V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Ötən illər ərzində “Azərbaycan  Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilmiş islahatyönümlü layihələr özünü müəllim və pedaqoji kollektivlərimizin bir sıra yaradıcı təşəbbüslərlə çıxış etməsinə təkan vermişdir. Bu, özünü təhsil sistemində ənənəvi təşəbbüslərdən olan və uğurla həyata keçirilən inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrində də bariz nümunəsini tapmaqdadır. Cari tədris ilində icra olunmuş Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi də bu qəbildəndir. Müsabiqə qaliblərinin uğur hekayələrinin təqdimatını davam etdiririk.

 

“Yaşamaq üçün öyrənək”

 

V Qrant müsabiqəsinin qaliblərindən olan   Göyçay rayonu Qaraman kənd H.K.Əfəndli adına tam orta məktəbin ingilis dili müəllimi  Gövhər Abbaslı  qeyd edir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ölkəmizin modernləşməsi üçün zəruri olan insan kapitalının inkişaf etdirilməsi və  bununla  da  beynəlxalq rəqabət qabiliyyətliliyinin möhkəmləndirilməsi əsas vəzifələrdən biri kimi qeyd olunmuşdur:

 

- Bu baxımdan, strateji hədəf olaraq təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulub. Buna görə də gələcəkdə müəllim və şagirdlərin Beynəlxalq qiymətləndirmə tədqiqatları üzrə səriştələrinin artırılmasına nail olmaqla beynəlxalq səviyyədə  yüksək nailiyyətlər əldə edilməsinə dəstək vacibdir. Çünki şagirdlərin əldə etdikləri biliklərdən bacarıq kimi istifadə imkanları, problemləri həll etmə və təhlil apara bilmə, mühakimə yürütmə, ünsiyyət qurma qabiliyyətlərinin, “Yaşamaq üçün öyrənmək bacarığı”nın formalaşdırılması təhsilin əsas hədəfi olmalıdır. Müasir dövrdə savadlılıq konsepsiyası öyrənənlərin biliklərindən gündəlik həyatda istifadə, məntiqi nəticələr,  müxtəlif vəziyyətlərlə əlaqəli problemləri şərh və  həll etmək üçün öyrəndiklərindən nəticə çıxarmaq qabiliyyəti kimi müəyyən edilir. Beynəlxalq qiymətləndirmə  şagirdlərin təkcə məktəbdə verilən əsas bilikləri öyrənib-öyrənmədiklərini deyil, həm də öyrəndiklərindən istifadə edərək bilmədikləri barədə proqnoz verə biləcəklərini və biliklərini məktəb şəraitində və xaricində tətbiq edə biləcəyini araşdırır.

 

Qeyd olunan tələblər beynəlxalq səviyyədə ölçülən və qəbul edilən kompetensiyaları əks etdirir.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən  3 ildən bir təşkil olunan PISA (Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi) 15 yaşlı şagirdlər arasında funksional savadlılığı, onlarda  oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandıqları biliklərdən həyatda tətbiqi bacarığını, təhlil  və ünsiyyət qurma, mühakimə yürütmə, bir sözlə “yaşamaq üçün öyrənmək”  bacarığını qiymətləndirir.  Qiymətləndirmə aşağıdakı bacarıq səviyyələri - təbiət elmləri, riyaziyyat və oxu üzrə aparılır. 

 

Hesab edirəm ki, tərəfimizdən təqdim edilən “Yaşamaq üçün öyrənək” layihəsi təhsilimizin inkişafı üzrə atılan addımlara dəstək oldu. Layihəmiz Beynəlxalq qiymətləndirmə ölçmə və dəyərləndirmə sahəsində yeni təcrübələrin əldə olunmasına, qeyd olunan istiqamətlərdə şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşdırılmasına, oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün yararlanmaq bacarığının artırılmasına öz töhfəsini verib. 

 

Həyata keçirdiyim layihə Göyçay rayon ümumtəhsil məktəblərində PISA tədqiqatı nümunəsinin aparılmasına və nəticələrin təhlilinə yönəlib. Layihə çərçivəsində müəllim və şagirdlərə dəstək üçün “PISA-təcrübəsi və nümunələr toplusu” hazırlanıb.

 

Layihənin məqsədi olaraq Göyçay rayonu üzrə 20 fənn müəlliminin PISA qiymətləndirmə tədqiqatı üzrə peşəkarlıq səviyəsini təkmilləşdirmək, 300 nəfər 15 yaşlı şagird üçün PISA tədqiqatı nümunəsində sınaq təşkil edildi və nailiyyət əldə etmələrinə dəstək olundu.

 

Layihənin vəzifələrinə müvafiq olaraq “Yaşamaq üçün öyrənək”   facebook səhifəsi yaradıldı və görülən işlərlə bağlı yenilənən məlumatlar səhifədə mütəmadi olaraq paylaşıldı. Təlim və sınaqlar üçün tələb olunan materiallar  hazırlanaraq təsdiq edildi. Layihənin ilkin təqdimat konfransını təşkil edərək təhsil ictimaiyyətini məlumatlandırdıq. Müəllim və şagirdlərin layihədə iştirakını təmin etmək üçün yaradılmış səhifə üzərindən elanlar paylaşıldı. Müəllimlər üçün onlayn sınaq təşkil edildi. Sınağın nəticələri təhlil olunaraq təlimdə iştirak edəcək müəllimlərin siyahısı dəqiqləşdirildi. Seçilmiş 20 nəfər müəllim üçün TEAMS platformasında “PISA - dəyərində təhsil” mövzusunda təlim keçirildi.

 

Rayondakı ümumtəhsil məktəbləri üzrə 300 şagird  üçün PISA tədqiqatı nümunəsində sınaq keçirildi. Sınaq nəticələrinin təhlili mövzusunda məktəb rəhbərləri və yüksək nailiyyət göstərmiş  şagirdlərin valideynləri  ilə vebinar təşkil olundu. “PISA-təcrübəsi nümunələr toplusu” vəsaiti çap edilərək layihədə iştirak edən müəllimlərə verildi. Layihə üzrə təhsil ictimaiyyəti  və valideynlərin iştirakı ilə yekun onlayn təqdimat konfransı keçirildi.

 

 

“İnkişaf  üçün  intellektual rəqabət oyunları”

 

Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Fariz Rzayev “İnkişaf üçün intellektual rəqabət oyunları” layihəsi ilə V Qrant müsabiqəsində qalib gəlib. F. Rzayev layihəsinin hədəfləri barədə məlumat verir:

 

-  Pandemiya dövründə bütün dünyanın kompüter və informasiya texnologiyaları zamanın ən pik həddini yaşayır, desək yanılmarıq. Belə olan halda, çoxsaylı məlumatı tez və əsaslı bir şəkildə anlamaq, təhlil etmək və məntiqi nəticələr çıxarmaq bacarığı xüsusi əhəmiyyət kəsb edir. Məlumdur ki, zehni “idmanlar” şagirdlərin intellektual inkişaf səviyyəsini artırmağa, qısa bir müddətdə problemlərin həllinə fikrini cəmləşdirmək, ortaya çıxan vəziyyətləri təhlil etmək və nəticə çıxarmaq qabiliyyətinə kömək edir.

 

Təhsil prosesində özünütərbiyə, problemin həllinin tapılmasına maraq göstərmə, məlumatı tez tapıb effektiv istifadə bacarığı mühüm rol oynayır. Bu, xüsusi ilə məktəb şagirdləri üçün çox vacibdir (IX-XI siniflər). Şagirdlərin mütəmadi məlumat axtarışı və istifadəsi üsullarını mənimsəmələrinə, yaradıcı intellektual qabiliyyətlərini inkişaf etdirməsinə kömək etmək üçün intellektual oyunların müntəzəm təşkili vacibdir.

 

Dərsdənkənar vaxtlarda şagirdlərin intellektual oyunlarda iştirak etməsi, zəkanın əsas götürüldüyü təsirli düşüncə üsullarını öyrənməsi çox vacibdir. Müəllimlərin intellektual yarışları tam məzmunlu, sistemli qurması və idarə etməsi isə xüsusi bilik və bacarıq tələb edir.

 

Layihənin məqsədi təhsilalanların inkişaf səviyyəsinin diaqnostikasında və istiqamətləndirilməsində intellektual yarışların tətbiqi, həmin yarışlarda tapşırıqların tərtibi və təşkili qaydalarının təhsilverənlərə öyrədilməsi və birbaşa tətbiq edilməsidir.

 

Görülmüş işlərə gəlincə, müəllim seçimini düzgün aparmaq üçün layihənin facebook səhifəsinə sorğu yerləşdirildi. Bu sorğuda müəllimlərin dünyagörüşü, yenilikləri izləməsi, Azərbaycan və dünya tarixindən əhəmiyyətli hadisələri xatırlaması və rəqəmsal savadlılığa malik olması qiymətlədirildi. Sorğu nəticəsində 127 müəllim arasından 30 nəfər seçilərək təlimlərə cəlb olundu. 2 ay müddətində 10 gün  olmaqla cəmi 20 saatlıq praktik təlimlər distant qaydada Micrasoft Teams platformasında təşkil olundu. Öyrənmək səviyyəsini müəyyən etmək məqsədi ilə qiymətləndirilmə aparıldı və müəllimlərə sertifkat təqdim olundu. Həmçinin Cəlilabad məktəbliləri üçün şəhid müəllim, leytenant Tural Rəhimovun (Cəlilabad rayonunun tək şəhid müəllimi) xatirəsinə həsr olunmuş “İntellektlərin Zəfəri” intellektual yarış təşkil olundu. Yarışda Cəlilabad rayonunun 9 məktəbinin komandası iştirak etdi. Qaliblər və yarış iştirakçıları diplom və hədiyyələrlə təltif olundular. Layihənin nəticəsi olaraq müəllimlər inkişaf üçün intellektual oyun və yarışların tam təşkili üsulu ilə əyani tanış oldular. Onlar müxtəlif e-resurslardan istifadə etmək bacarığına yiyələndilər. Çoxsaylı intellektual yarış nümunələrinin olduğu e-resurs toplusu ərsəyə gəldi. Bölgələrdə də şagirdlər və müəllimlər arasında bu intellektual yarışların keçirilməsi təhsilin keyfiyyəti üçün vacib oldu və təlimlərdə iştirak edən müəllimlər çalışdıqları məktəblərdə yarışlar təşkil etdilər.

 

Sonda Təhsil Nazirliyinə pedaqoji ideyaların layihə formasında həyata keçirilməsində göstərdiyi dəstəyə görə minnətdarlıq edirəm.

 

“Yaradıcılıq festivalı - ibtidailər ilə”

 

Təhsildə inkişaf və innovasiyalar  üzrə V Qrant müsabiqəsinin fərdi  kateqoriyada qalib layihələrindən  biri Bakıdakı 82 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əsmər Kərimovanın müəllifi olduğu “Yaradıcılıq festivalı -  ibtidailər ilə” layihəsidir. Ə.Kərimova layihəsi barədə fikirlərini bölüşür:

 

 - Bildiyimiz kimi, XXI əsr ixtiralar üzərində qurulub. Mühəndislik sahəsində uşaqlar dizayn və tətbiqetmə prosesindən yararlanaraq müxtəlif kompüter qurğularını, avadanlıqları test edir. Video sensing uşaqlara öz video oyunlarını dizayn, proqramlaşdırmağa və interaktiv veb kameralarla test etməyə icazə verir.

 

Layihə çərçivəsində şagirdləri XXI əsrin yeni və zəruri  bacarıqlarına yiyələndirmək üçün Bakı şəhəri üzrə 5 ümumtəhsil məktəbi seçilib və bu məktəblərin 4-cü sinif şagirdləri onlayn təlimlərə cəlb olunub. 

 

İbtidai siniflərdə yaradıcılıq bacarıqlarını inkişaf etdirmək üçün layihə ərzində şagirdlər 3D qələmlərlə verilmiş müxtəlif tapşırıqlara əsasən maketlər hazırlayıb. Layihənin ən maraqlı hissələrindən biri olan festival mərhələsində onlar hazırladıqları 3D maketləri nümayiş etdiriblər.

 

Layihəni ibtidai siniflərdə tətbiq etmək, seçilmiş şagirdlərin erkən yaşda yaradıcı potensialını üzə çıxartmaq, zamanın tələbinə uyğun yeni bacarıqları onlarda inkişaf etdirmək və layihəni uğurla nəticələndirmək qürurvericidir.

 

Oruc MUSTAFAYEV