6 nömrəli məktəbin III sinif şagirdlərinin ifalarının ana xətti oldu
Uşaqların fərqli keyfiyyətləri ortaya çıxdı
Şəhərimizin tanınmış məktəbində - Bakı şəhəri 6 nömrəli məktəb-liseydə təntənə var. Sözün əsl mənasında bayram əhvali-ruhiyyəsi yaşanır. Səbəbini valideynlərdən biri, 3d sinif şagirdlərindən birinin anası Fidan Məmmədova izah edir: “Çox həyəcanlıyam. Uşaqların ilk tədbiridir. Mənim də oğlum bu sinifdə oxuyur. Bu günə çox hazırlaşıb. Səhnədə Məcnun obrazını oğlum Xalid oynayacaq. Deyir, ana, bu, mənim baş rolumdu. Hazırlaşarkən çox həyəcanlıydı. Ona görə də nəticəsinin çox uğurlu olmasını istəyirəm. Biz bu günlərdə uşaqlarımızın tamamilə fərqli yönünü aşkarladıq. Onlar məktəbə ayaq basandan düz əməlli dərs keçməyiblər. Pandemiya olduğundan nəinki tədbirlər, dərslərə belə, davamlı gələ bilməyiblər. Ona görə də bu ilk tədbirləri hər birimizi həyəcanlandırır”.
“Hər biri vətən adına düzənlədikləri tədbirin bir parçası olmağa çalışdı...”
Bəs, bu ilk tədbir nə münasibətlədi, görəsən? Bu barədə də 3d sinfinin hərflər, sözlər dünyasına ilk bələdçilərindən biri, sinif müəllimi Kəmalə Yusufova danışır: “Uşaqlarımız bu gün “Azərbaycan mənim Vətənimdir!” layihəsinin final çıxışını təqdim edirlər. Bu, sinifdənxaric tədbirlərimizdən biridi. Bilirsiniz ki, sinifdənxaric tədbirlər keçirməklə uşaqların dünyagörüşünün artmasına, onlarda özünə inamın güclənməsinə, nitq inkişafına nail olmağa çalışırıq. Bu gün onlar həm də öz araşdırmalarının nəticələrini təqdim edəcəklər. Uşaqlar vətənimizin tarixi, mədəniyyəti və elmi nailiyyətlərini öyrənir, öz məlumat bazalarını genişləndirmək üçün başqa mənbələrdən də istifadə edirlər. Həmin məlumatları dərsdə öz yoldaşları ilə mütəmadi bölüşürlər. Bu gün də burda hər kəslə - valideynləri, məktəb rəhbərliyi ilə bölüşəcəklər”.
Beləliklə, 6 nömrəli məktəb-liseydə Azərbaycana həsr edilən budəfəki bədii gecənin iştirakçıları 3d sinif şagirdləridir. Sinifdə 42 şagird təhsil alır. Hər biri vətən adına düzənlədikləri tədbirin bir parçası olmağa çalışsa da, 2 saata, məktəbin səhnəsinə, bir sinfin repertuarına sığmayanlar da var.
Pərdə. Gecə başlayır. Gecə uzun olacaq, deyəsən. Boyu balaca, enerjisi yüksək olan bu uşaqların arasında gözləri sevincdən parlayanı, çöhrəsində təbəssüm gizlənəni də var, həyəcanından gözünü bir nöqtəyə dikib, sadəcə bugünkü tapşırığına köklənəni də. Ancaq vətənin adı, sevgisi hamısını eyni dərəcədə qürurlandırıb bir neçə yaş böyüdüb sanki. Davranışlarından heç III sinif şagirdlərinə bənzəmirlər. Məsələn, səhnədə Nizamiyə nəfəs verən Murad Muradova baxırsan, özünü tam Nizami kimi hiss edir. Adaşı Murad İsmayılov ondan heç geri qalmır. O da bu gün Nəsimidi. Tanınmış fransız yazıçısı Aleksandr Düma da gecənin sevilib-sayılan qonaqlarındandı. Onu da İbrahim Əliyev canlandırır. Hələ İsgəndər Tağızadənin ruh verdiyi Aleksandr Makedonskini demirik. Rus ədəbiyyatının nümayəndəsi, deyəsən, uşaqların olmazsa-olmazlarındandı, axı.
Qızlar da tarixdəki tanınmış qadınları səhnədə yad etdilər. Suray Hacıyevanın yaratdığı Nüşabəni, İsra Abdullayevanın Xurşudbanu Natavanını da tamaşaçılar çox sevdilər.
Sadəcə, yazıçı və şairlər yox, onların qəhrəmanları da burdadı. Leyli, Məcnun, Şirin...
Xalid Mustafayev gecənin Məcnunu, Ayan Abiyeva Leylisi, Cahan Mustafayeva isə Şirinidi.
Sevgi qəhrəmanları ilə tanış oluruq. Məsələn, balaca Məcnun öz roluna elə qapılıb ki, qalan bütün işlərini ikinci plana atıb. Baş roluna elə hazırlaşıb ki, Nizami adına layiq ola bilsin. Axı, o, Nizaminin ilk böyük qəhrəmanıdı.
Səhnənin Nizamisi Murad da öz rolundan çox məmnundur. O, öz prototipini çox sevir. Məktəb xoşuna gəlir. Burada çoxlu maraqlı şeylər öyrənib. Ən çox riyaziyyatı, Azərbaycan dili fənlərini oxuyur. Kompüterlə maraqlanır. Hələ fənn olaraq keçməsə də, informatikadan belə xəbəri var.
Cahan Mustafayeva isə riyaziyyatı və rus dilini sevir. Musiqi ilə maraqlanır, ustad dərslərdə iştirak edir. Bu gün səhnədə Şirindi. Çox maraqlı obrazdı deyir. Bəs, Şirin rolunu ona niyə veriblər, bilirsiniz? Cahan deyir: “Mən dərslərimi çox yaxşı oxuyuram. Ona görə də müəllimim bu obrazı mənə verib”.
Cahan Şirini o qədər sevib ki, həyatda da Şirin olmaq, Şirin qədər sevilmək istəyir.
Qızlar çox, oğlanlar azdır
İlk diqqəti cəlb edən səhnədə qızların üstünlüyü, həm də say çoxluğudu. Bəs, bu sinfin oğlanları hanı? Deyirlər, oğlanlar elə səhnədə olan qədərdi- cəmi 7 nəfər. “Sinifdə 42 şagird var. Bu layihədə 30 nəfər iştirak etdi”.
Qızların ifasında milli rəqslər də gözəlləşir. Hər birinin üz ifadəsi, bədən dili rəqsə olan sevgisini aydın göstərir. Onlara rəqsi və musiqini sevdirən isə musiqi müəllimidi. Rəqsləri musiqi müəllimi Reyhan Yaqubova qurub: “Son illərin müşahidəsi göstərir ki, Azərbaycan xalq mahnı və rəqslərinə maraq artıb. Amma biz bu marağı sevgiyə çevirməyə çalışırıq. Şagirdlərdə “Ağacda leylək”, “Şuşanın dağları”, “Meyvələrdən üç meyvə var” xalq mahnıları, Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnısı, rəqslərdən isə “Naxçıvan yallı”sı, “Avar rəqsi”, “Naz eləmə”, “Cəngi” xalq rəqsləri uşaqlarımızda xüsusi maraq oyadıb”.
Üçüncülərin ilk tədbiri başa çatdı. Məktəb rəhbərindən də, sinif müəllimlərindən də təbriklər aldılar. Görünən odur ki, onlar hələ çox təbriklər alacaq, səhnədə hələ çox parlayacaqlar.
Ruhiyyə DAŞSALAHLI