Arif Nuriyev: “Bu sərvəti qorumalı, yetişməkdə olan nəslə düzgün çatdırmalıyıq”
Hər birimizin həyatında müəllimlərimizin rolu danılmazdır. Məhz bu müqəddəs peşənin sahibləri gələcək həyat yolumuzun düzgün istiqamətləndirilməsində, cəmiyyətdə layiqli yer tutmağımızda mühüm rol oynayırlar. Bu gün bizim paytaxtla yanaşı, regionlarımızda da kifayət qədər hazırlıqlı, peşəkar müəllimlərimiz var ki, onların adı gələndə insanların çöhrəsində bir doğmalıq, səmimiyyət hiss olunur. Adları ehtiramla çəkilən, dərs dediyi şagirdləri tərəfindən sevilən belə təhsil işçilərindən biri də Naxçıvan Muxtar Respublikası, Culfa rayonu Saltaq kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi, Naxçıvan MR-in Əməkdar müəllimi Arif Nuriyevdir.
İlk dəfə müəllim kimi Astara rayonunda fəaliyyətə başlayan A.Nuriyev sonradan taleyini məhz anadan oluduğu, böyüyüb başa çatdığı Saltaq kəndi ilə bağlayıb. 1979-cu ildən bu günə qədər Saltaq kənd tam orta məktəbində çalışan və pedaqoji kollektivin rəğbətini qazanan A.Nuriyev muxtar respublikanın tanınmış müəllimlərindəndir. 42 ildir ki, tədris etdiyi fənni sevə-sevə şagirdlərinə öyrədən Arif müəllim bu illər ərzində neçə-neçə yetirməsinin üzərində çəkdiyi zəhmətin bəhrəsini görüb və hazırda da görməkdədir. Məhz ana dilimizin saflığının qorunması, təbliğində əvəzsiz rolu olan təcrübəli müəllim onun düzgün şəkildə şagirdlərinə çatdırılmasında yorulmadan çalışır. “Hər bir dili yaşadan, inkişaf etdirən onun xalqıdır. Ana dilimiz - ədəbi dilimiz xalqımızın tarixən təşəkkül tapmış milli sərvətidir. Bu sərvəti isə göz bəbəyi kimi qorumalı, yetişməkdə olan nəslə düzgün çatdırmalıyıq”, - deyir Arif müəllim. Peşəsinin vurğunu olan təcrübəli müəllim dilimizi, ədəbiyyatımızı şagirdlərinə sevdirərək onları milli-mənəvi dəyərlərimizə məhəbbət ruhunda tərbiyə edir.
Hər bir müəllimin peşəkarıq səviyyəsi həm də onun şagirdlərinin nailiyyətlərində üzə çıxır. Bu fikri Arif müəllimə də şamil etmək olar. Belə ki, onun şagirdləri də keçirilən olimpiadalarda, bilik yarışlarında, inşa yazı müsabiqələrində qalib yerləri tuturlar. Dərs dediyi yetirmələri məhz vaxtilə onun şagirdləri olması ilə fəxr edirlər.
Onun fikrincə, əgər müəllim şagirdlərinin rəğbətini və sevgisini qazanmaq istəyirsə, dərslərini maraqlı və özünəməxsus qurmalıdır. Şagirdlər çox vaxt hörmət bəslədikləri müəllimləri özlərinə nümunə götürürlər.
Fəaliyyətini təkcə müəllimliklə məhdudlaşdırmayan Arif müəllim rayonun, eləcə də muxtar respublikanın ictimai həyatında da fəallıq göstərən ziyalılardandır. Daim axtarışda olan müəllim həm də yaradıcılıqla məşğuldur. Mütəmadi olaraq dövri mətbuatda elmi, metodiki, publisistik məqalələri dərc olunur. Naxçıvan Muxtar Respublikasının televiziyasından və radiosundan tez-tez dəvətlər alan yaradıcı müəllim günümüzün aktual məsələləri, təhsil, milli-mənəvi dəyərlər, gənclərin vətənpərvərlik tərbiyəsi, şagirdlərin bədii ədəbiyyata meyil və marağının gücləndirilməsi və digər mövzularla bağlı müzakirələrdə iştirak edir.
Dəfələrlə pedaqoji mühazirələrdə iştirak edən, qalib kimi diplom və fəxri fərmanlarla təltif edilən Arif müəllimi yaxından tanıyanlar ona müsabiqələr qalibi deyirlər. O, 2006-cı ildə Culfa Rayon Təhsil Şöbəsinin keçirdiyi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Əməyi müxtəlif illərdə Naxçıvan Muxtar Respublikası və Culfa Rayon Təhsil Şöbəsi tərəfindən dəyərləndirilib.
Arif müəllim həm də tədqiqatçıdır. Müəllifi olduğu “Azərbaycan dilində az işlənən leksik şəkilçilər” adlı kitabını nəşr etdirməkdə də məqsədi dilimizi yad təsirlərdən qorumaqdır. Tədqiqatçı müəllim kitabda ədəbi və canlı danışıq dilində əksəriyyəti bu günə qədər üzdə olmayan qeyri-məhsuldar şəkilçiləri toplamaqla təhlil edib, müqayisələr apararaq onları qruplaşdırıb, geniş şərhlərini verib. O, 250-yə yaxın qeyri-məhsuldar şəkilçinin işlədilməsinin yeri və mənası ilə bağlı tədqiqatlar aparıb. Filologiya elmləri doktoru Akif İmanlı kitaba yazdığı ön sözündə tədqiqat işini yüksək dəyərləndirərək elmi baxımdan əhəmiyyətindən söz açır, onun maraqla qarşılandığını qeyd edir.
Arif Nuriyev sözlə işləməyi bacaran müəllimlərimizdəndir. Onun bədii yaradıcılığı ilə tanış olduqca bir daha bu qənaətə gəlmək olar. Yazdığı hekayələr bədii təfəkkür tutumu, dil axıcılığı ilə oxucuları özünə cəlb edir.
Bu günlərdə redaksiyamızın qonağı olan Arif müəllimi dinlədikcə onun fəaliyyətində həm müəllimlik, həm gözəl tədqiqatçı, həm də yaradıcılığın vəhdət təşkil etdiyini gördük. Bunların hər birinin öhdəsindən uğurla gələn tanınmış təhsil işçisi bu gün də yorulmadan fəaliyyətini davam etdirərək dilimizi və ədəbiyyatımızı böyüməkdə olan gənc nəslə sevdirir.
Söhbətimizin sonunda Arif müəllimdən xalqımıza, həmkarlarımıza arzularını soruşduq və maraqlı cavab aldıq:
“Dədə Qorqud” dastanında “Salur Qazanın evinin yağmalanması” boyunda Qazan xan yurdunu azad edəndən sonra özünü yetirən Aruz “Köməyə gəldim, Qazan”, - deyir. Qazan cavabında “Düşmən basıldı, Aruz”, - söyləyir.
Xalqımıza, müstəqil Azərbaycanımıza arzum budur ki, lap yaxın vaxtlarda həsrətində olduqları bu sözləri eşitsinlər: Düşmən basıldı, torpaqlarımız işğaldan azad edildi.
Samirə KƏRİMOVA