29 aprel – 3 may tarixlərində Qubada Təhsil İnstitutu və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün "MathCamp 2022" riyaziyyat üzrə yaz düşərgəsi və “IT Camp Hackathon 2022” müsabiqəsi keçirilib. 

 

Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, riyaziyyat və əlaqəli ixtisaslarda bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alan gənclər iştirak ediblər. İştirakçılar müraciət etdikləri düşərgənin mövzusuna uyğun olaraq sınaq imtahanını uğurla keçənlərdir. 

 

Riyaziyyat düşərgəsinin keçirilməsində məqsəd tələbələrin riyazi bilikləri gücləndirmək və kriptoqrafiya ilə bağlı biliklərini isə təkmilləşdirməkdir. Riyaziyyat tələbələri ilə görüşən təcrübəli müəllim və professor heyəti “Müasir dünyanın inkişafında kriptoqrafiyanın rolu”,  “Simmetrik açarlı kriptoqrafiya və diskret riyaziyyata yeni baxış” və “Klassik şifrlərdən müasir şifrlərə: əsas ideyaların retrospeksiyası” mövzusunda təqdimat edərək gündəlik həyatda istifadə etdiyimiz kriptoqrafik protokolların əsasını təşkil edən simmetrik və asimmetrik kriptoqrafik alqoritmlər və müxtəlif riyazi məsələlər, eyni zamanda “Funksiyaların törəməsi və differensialı (diskretləşdirmə üsulu)” mövzularını müzakirə ediblər. 

 

Hakaton müsabiqəsinin keçirilməsində əsas məqsəd isə informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarını artırmaq, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir. Düşərgə çərçivəsində tələbələr ilkin tapşırıqlar əsasında Front end, Back end, Verilənlər bazası və Əməliyyat sistemləri üzrə 4 qrupa bölünərək xüsusi tapşırıqlar üzərində iş icra ediblər. Bu tapşırıqların yerinə yetirilmə prosesində hər qrupun xüsusi mentorları onların yaranan suallarını cavablandırıb və lazimi dəstək göstərib. Düşərgənin sonunda tələbələrin əməkdaşlığı vasitəsilə ərsəyə gəlmiş tapşırıqların təqdimatı baş tutub. 

 

Düşərgə çərçivəsində tələbələrə qeyd olunan istiqamətlərdə təcrübəli təlimçilər, müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər, müsabiqələr təşkil edilib. İştirakçıların əylənərək öyrənməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə düşərgədə, həmçinin, müxtəlif idman və bilik yarışları təşkil olunub.

 

Sonda tədbiri uğurla başa vurmuş iştirakçılar sertifikat ilə təltif ediliblər.