Solmaz Səmədova: “Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq vətəndaşlıq borcumuzdur”


“Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq vətəndaşlıq borcumuzdur”. Müsahibimiz  Solmaz Səmədova belə deyir. İxtisasca ingilis dili müəllimi olan bu təhsil işçisi Bakıdakı 221 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinidir. Hər zaman ictimai fəallığı ilə seçilən Solmaz müəllim bu dəfə də ənənəsinə sadiq qalaraq Azərbaycanla bağlı həqiqətlərdən danışıb. Özü də Türkiyədə. O, bu günlərdə Türkiyənin Yalova şəhərində   böyük nüfuza malik Yafem təşkilatının təşkil etdiyi  “Türk Dünyası Mədəniyyət Platforması” adı  altında keçirilən “Türk Dünyası Jurnalistlər Konfransı”na (“Türk Qazetəçilər Toplantısı”) qatılıb. Bu tədbir artıq 21 ildir ki, təşkil olunur.

 

Səfər təəssüratlarını bizimlə bölüşən S.Səmədova bildirib ki, Azərbaycan, Bolqarıstan, Əfqanıstan, Krım, Suriya və İraq türklərinin və digər ölkələrin media mənsublarının qatıldığı toplantıda erməni iddiaları və azərbaycanlıların soyqırımı, Orta Şərqdən Qafqaza, Balkanlardan Orta Asiyaya uzanan Türk mədəniyyət coğrafiyasının əsas problemləri  və digər məsələlər müzakirə mövzusu olub. Bir sözlə, 60-dan çox ölkəni təmsil edən  jurnalistlər bir yerə toplanaraq hər kəs öz siyasi problemlərindən söz açıb.

 

Solmaz müəllim Azərbaycan nümayəndə heyətinin  bu tədbirdə xüsusi fəallıq nümayiş etdirdiyini deyir:

“Mən  Azərbaycanı bir təhsil işçisi kimi təmsil edirdim. Budur məni  qürurlandıran. İyirmi beş  ildən çoxdur ki, fənnimi şagirdlərimə sevə-sevə tədris etməklə yanaşı, onlara  doğma Vətənimizə layiq olmaq,  sevmək, müqəddəs torpaqlarımızı qorumaq kimi  vətənpərvərlik hisslərini  aşılamaqdan məmnunam. 

 

Toplantıda  bizim  ən ağrılı problemimiz olan  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən  danışdıq. Xalqımızın  haqqını müdafiə edərək işğal altında olan torpaqlarımızdan söz açdıq. Torpaqlarımızın bir qarışını belə düşmənə güzəştə getməyəcəyimizi bir daha diqqətə çatdırdıq”. 

 

Tədbirdə işğalçı Ermənistanın mənfur siyasətinə, həyata keçirdiyi terrora qarşı  Türkiyə Azərbaycan birgə qardaşlığının mübarizə apara biləcəyini xüsusi vurğuladıqlarını  söyləyən həmsöhbətim daha sonra  çıxışları zamanı bu günə kimi erməni işgəncələrinə məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasının vacibliyini də önə çəkdiklərini bildirir: “Azərbaycan həqiqətlərini nəinki beynəlxalq ictimaiyyətə çatdırdıq, eyni zamanda ölkəmiz üçün önəmli məsələlərin Yalova deklarasiyasında üçüncü maddə olaraq qeyd olunmasına da  nail olduq. Çox şükür ki, bütün səylərimiz  boşa getmədi. Haqqında danışdığımız bütün məsələlərin Yalova deklarasiyasına bir maddə olaraq salınması düşünürəm ki, olduqca əhəmiyyətli bir hadisədir. Mən orada ingilis dilində çıxış etdim. Eyni zamanda nümayəndə heyətimizin  çıxışlarını da ingilis dilində tərcümə edirdim. 60-dan artıq  dövləti təmsil edən media mənsublarına Azərbaycan həqiqətləri barədə ətraflı məlumatları çatdırmağa nail olduq. Bilirsiniz, Dağlıq Qarabağ münaqişəsindən, Xocalı soyqırımı, erməni terrorundan əziyyət çəkən dinc əhali, Dilqəm və Şahbaz başda olmaqla işgəncələrə məruz qalan minlərlə əsir və girovlarımızın acınacaqlı taleyi haqqında çıxışlarımız  zamanı dərdimizə ortaq olan jurnalistlərə baxanda göz yaşlarıma hakim ola bilmirdim.  Çıxışımda  qeyd etdim ki, Dağlıq Qarabağda başlayan münaqişə nəticəsində ərazisinin  20%-i işğal edilən Azərbaycan artıq uzun illərdir ki, Ermənistanın təcavüzkar siyasətindən əziyyət çəkir.

 

Dünya mediasının Azərbaycanın üzləşdiyi problemin, işğal aktının düzgün şəkildə işıqlandırmasını, onun geniş auditoriyaya çatdırılmasının  vacibliyini önə çəkdim. Çox təəssüf ki, bu məsələyə yanaşmada  hələ də diqqətsizlik nümayiş etdirilir. Biz  media mənsublarına  məsələyə daha həssaslıqla yanaşmağı tövsiyə edərək, Dağlıq Qarabağla bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında maraqlı olduğumuzu bir daha bəyan etdik”.

 

Solmaz xanım danışdıqca ondakı Vətən təəssübkeşliyinə, torpağa bağlılığına heyran qalmamaq mümkün deyil. Öz fikirlərini  həm azərbaycanca, həm də ingilis dilində mükəmməl  çatdırmağı bacaran pedaqoq ictimai fəaliyyəti ilə yanaşı müəllimlikdən də xüsusi zövq aldığını deyir. Ən böyük arzusu işğal altında olan torpaqlarımızda, Şuşa məktəbində dərs deməkdir: “Bir müəllim kimi Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü ilə bağlı  qətiyyətli  mövqeyini  tam dəstəkləyərək böyüməkdə olan gənc nəslin heç bir halda və heç bir sahədə düşmənə güzəştə getməz, qorxmaz bir vətəndaş kimi yetişməsi üçün  bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm”.

 

Samirə KƏRİMOVA