Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr edilən “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

 

MDU-nun rektoru Şahin Bayramov ulu öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirib və “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda məruzə ilə çıxış edib. Ümummilli Liderin bütün həyatını canından çox sevdiyi Azərbaycanın rifahına, davamlı inkişafına həsr etdiyini qeyd edən rektor hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən danışıb. Dahi şəxsiyyətin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını deyən Ş.Bayramov, məhz Heydər Əliyev dühası sayəsində Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter aldığını bildirib.

 

Ulu Öndərin müəyyən etdiyi siyasi kursun hazırda onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışan Ş.Bayramov Azərbaycanın müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu, yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrildiyini söyləyib.

 

“Heydər Əliyevin zəngin irsi Azərbaycan xalqı üçün əbədi örnəkdir” mövzusunda çıxış edən Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, milli maraqlarımıza uyğun şəkildə tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin hər zaman qürur hissi ilə xatırlandığını qeyd edib. Ümummilli Liderin taleyüklü məsələləri həll etməsi ilə yanaşı, tarixi yaradan şəxsiyyət olduğunu bildirən icra başçısı Heydər Əliyev siyasətinin Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan möhtəşəm nailiyyətlərin əsasını təşkil etdiyini vurğulayıb.

 

Görkəmli dövlət xadimi Heydər Əliyevin nəhəng fəaliyyətinin çox böyük dövlətçilik salnaməsi olaraq dəyərləndirildiyini bildirən İ.İsmayılov Ulu Öndərin ideyaları, zəngin irsi əsasında inkişaf yolunda inamla, qətiyyətlə addımlayan müasir Azərbaycan dövlətinin hazırda tarixinin ən qüdrətli dövrünü yaşadığını deyib.

 

“Heydər Əliyev: xatirələrdə əbədi yaşayan tarixi şəxsiyyət” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü Adilə Abasova Azərbaycan dövlətinin memarı, tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayını xatırladıb. Qurultayda iştirak etməkdən böyük fəxr və qürur hissi keçirdiyini deyən A.Abasova sözügedən tədbirdə Ulu Öndərin tarixi çıxışının yaddaşlara əbədi həkk olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin dillər əzbəri olan “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” məşhur kəlamı onun azərbaycançılığa və milli-mənəvi dəyərlərə yüksək həssaslığından, güclü bağlılığından xəbər verir.

 

“Heydər Əliyev: elm və təhsilimizin böyük himayədarı” mövzusunda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Ümummilli Liderin XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən olduğunu qeyd edib və onun ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərinin heç zaman unudulmayacağını bildirib.

 

Azərbaycanın inkişaf etdirilməsinin, xalqın tükənməz potensialının üzə çıxarılmasının Heydər Əliyevin ən böyük amallarından olduğunu vurğulayan millət vəkili Ulu Öndərin bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına verdiyi xüsusi önəmdən, göstərdiyi yüksək diqqət və qayğıdan danışıb.

 

“Azərbaycanın Türk dünyasına qovuşmasında Ulu Öndərin misilsiz xidmətləri” mövzusunda çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğlu Ümummilli Liderin böyük uzaqgörənliklə formalaşdırdığı və uğurla reallaşdırdığı xarici siyasət kursundan bəhs edib. Heydər Əliyevin Türk və İslam dünyası ilə münasibətlərə böyük önəm verdiyini diqqətə çatdıran millət vəkili hazırda bu coğrafiyanı əhatə edən ölkələrlə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafı sayəsində böyük diplomatik uğurların qazanıldığını bildirib.

 

“Heydər Əliyev: qlobal siyasət nəhəngi” mövzusunda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşır Yusibov əbədiyaşar lider Heydər Əliyevin memarı olduğu müstəqil və müasir Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmasından bəhs edib. Məhz Heydər Əliyevin dönməz əqidəsi, uzaqgörən, qətiyyətli siyasəti sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdiyini və xalqımızın müstəqillik arzusuna qovuşduğunu deyən C.Yusibov Ulu Öndərin təkcə Azərbaycanın deyil, bütövlükdə müsəlman-türk dünyasının görkəmli öndərlərindən biri kimi qəbul edildiyini vurğulayıb.