Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün ustad dərsi keçib.
Fotojurnalistika dərsində tələbələrlə görüşən R.Bağırov fotoqrafiyanın sirlərindən bəhs edib, zəngin şəxsi təcrübəsindən danışıb. Fəaliyyəti boyu ümummilli lider Heydər Əliyevin portretlərini çəkən, bununla da Azərbaycan tarixinin önəmli bir mərhələsinin fotosalnaməsini yaradan qonaq bir-birindən maraqlı xatirələrini bölüşüb: “Heydər Əliyevin foto ilə bağlı tələbi çox yüksək idi. O, hər səfərindən, görüşündən, hətta istirahətindən sonra da çəkilən şəkillərə diqqətlə baxır, onları təhlil edir və müvafiq tövsiyələrini verirdi. Mən ilk vaxtlar çox düşünürdüm ki, görəsən, Heydər Əliyevin fotoya belə xüsusi münasibətinin səbəbi nədir? Səbəbini sonralar özüm üçün aydınlaşdırdım. Ulu Öndər şəkillərə həmişə tarixi sənəd kimi baxırdı və buna görə də onların bütün dövrlər üçün aktual, zövqlü olmasına xüsusi əhəmiyyət verirdi”.
R.Bağırov fotoqrafın peşəkarlıq məsələlərinə xüsusi diqqət yetirərək müxtəlif situasiyalarda gözləməli olduğu məqamlardan danışıb, çəkdiyi fotoların bir qismini nümayiş etdirib.
Qonaq sonda tələbələri maraqlandıran sualları cavablandırıb.