“Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda “Açıq dərs” keçirilib.

 

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş gənclərin çağırışaqədərki hazırlığı (GÇH) fənni üzrə “Açıq dərs” Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə paytaxtdakı 70 nömrəli məktəb-lisey kompleksində təşkil edilib.

 

“Açıq dərs”də SHXÇDX-nin idarə rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Xidmətin Nizami rayon idarəsinin zabitləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin metodisti Mürsəl Qurbanov, məktəbin direktoru Kəmalə Rəsulova və bir sıra məktəblərin GÇH rəhbərləri iştirak ediblər.

 

İlkin olaraq şəhidlərimizin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərə açıq dərsin mövzusu təqdim edilib.
Şagirdlər qruplara bölünüb, motivasiya mərhələsində film və slayd nümayiş olunub. Tədqiqiat aparılması üçün komandalara suallar təqdim edilib. Fənnin tədrisi üçün zəruri vasitələrin əyani nümayiş və tətbiq edildiyi dərsdə cavablar dinlənilib. Təhlükəsizlik qaydaları izah olunub və təlimata uyğun olaraq  vasitələrin praktik istifadəsi həyata keçirilib. Sonda qiymətləndirmə aparılıb.

 

Şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandıran, hərbi nizamnamə qaydalarını mənimsədən, ordu həyatı ilə tanış edən, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayan GÇH fənni haqqında fikir mübadiləsi şagirdlər tərəfindən maraqla qarşılanıb.

 

Çıxış edənlər qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə milli ordu quruculuğu prosesinin əsası qoyulub, qısa müddətdə bu sahədə ciddi nailiyyətlər əldə edilib, vahid komandanlıq tərəfindən idarə edilən Silahlı Qüvvələr formalaşdırılıb.

 

“Açıq dərs”də 44 günlük Vətən Müharibəsində şanlı zəfər qazanan Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən bəhs olunub, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.