Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında (YTP) Yaponiyada fəaliyyət göstərən dünya şöhrətli azərbaycanlı alim, LCD monitorun əsas yaradıcılarından biri olan professor Xəlil Kələntərlə görüş keçirilib.

 

Görüşdə YTP-nın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, YTP-nın rezidentləri – “Elm və Texnologiyalar Parkı”nın direktoru Zahir Nəsibov, Təcrübə-Sənaye Zavodunun (TSZ) icraçı direktoru, kimya üzrə fəlsəfə doktoru Səxavət Rüstəmov və bir sıra aidiyyəti şəxslər iştirak ediblər.

 

Görüşdə professor X.Kələntərə texnoparkın əsas fəaliyyət istiqamətləri, istehsal olunan məhsullar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artrılması və ən əsası elmin kommersiyalaşmasını icra etməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verən YTP Azərbaycanda elmtutumlu, rəqabətqabiliyyətli, innovativ məhsulların istehsalını həyata keçirir, yenilikçi bizneslərin yaradılması istiqamətində özəl sektor, biznes şəbəkələri ilə  əməkdaşlıq edir.

 

Daha sonra qonaq YTP-nin ərazisi, texnoparkın rezidentlərinin istehsal sahələri ilə yaxından tanış olub, alimə istehsal edilən innovativ texnoloji məhsulların imkanları barədə ətraflı məlumat verilib. Həmçinin “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən istehsal olunan dronların, yeni inkubator rezident “Troniq” MMC-nin istehsal etdiyi robototexnikanın imkanları əyani nümayiş etdirilib.

 

Professor X.Kələntər TSZ-də dünya standartlarına tam cavab verən yerli baza yağları əsasında mühərrik yağlarının istehsalı prosesi ilə də yaxından tanış olub. Bundan başqa, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzində qaz və maye karbohidrogenlərin, neft və neft-kimya məhsullarının, istehlak mallarında toksik elementlərin sınaqları, eləcə də digər sınaq-təcrübə işlərinə baxış keçirib. Qeyd olunub ki, Milli Akkreditasiyadan keçmiş, müasir tələblərə cavab verən, 4 laboratoriyadan ibarət bu Mərkəz ən yeni texnoloji avadanlıqlarla təchiz olunub.

 

Qonaq YTP-də yaradılmış innovativ şəraiti yüksək qiymətləndirib. Gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasına dair fikir mübadiləsi aparılıb.