Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Azərbaycan Dillər Universitetində (ADU) olub.
Ali təhsil ocağının rektoru, akademik Kamal Abdulla ADU tələbələrinin alman dilinə olan marağından danışıb. Bildirib ki, tələbələr alman dilini, Almaniyanın tarixi və mədəniyyətini böyük həvəslə öyrənirlər.
Rektor qeyd edib ki, 6-8 may tarixlərində Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetinin Germanistika İnstitutlarının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpozium keçiriləcək.
Akademik K.Abdulla səfir Volfqanq Maniqi universitetin “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib, alman dilinin təbliği ilə bağlı orta məktəblərdə təşviqedici tədbirlərin təşkili təklifini irəli sürüb.
Almaniyanın səfiri Volfqanq Maniq bildirib ki, “Səfir saatı” layihəsində tələbələrlə görüşməyə, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmağa hər zaman hazırdır. ADU tələbələrinin alman dilinə olan marağını alqışlayan səfir “Germanistikanın yeni yolları. Avropa və Qafqaz arasında ədəbiyyat və mədəniyyət mübadiləsi” adlı beynəlxalq simpoziumun təşkilini də yüksək qiymətləndirib.
Görüşdə alman dilinin təbliği, mübadilə proqramları, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra səfir tələbələrlə görüşüb.