Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən ali məktəblərin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” fənninin monitorinqi aparılıb. Monitorinqlərdə tələbələrin bilik və bacarıqlarının səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, onların bu fənnin tədrisi ilə bağlı sual, təklif və iradlarının öyrənilməsi məqsədi ilə də sorğu keçirilib. 

 

Mərkəzdən bildirilib ki, müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacib hesab edilir. Bu işdə qiymətləndirmə mühüm pedaqoji vasitə kimi qəbul olunur. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə,  tələbələrin nələri mənimsədiklərini, öyrəndiklərini, hansı bacarıqlara malik olduqlarını və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirmək üçün optimal şərait yaradır.

 

Qeyd edək ki, monitorinqlər Azərbaycan Tibb, Azərbaycan  Dövlət Pedaqoji, Azərbaycan Texniki,  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılıb. Monitorinqlərin həyata keçirilməsində BBMM-in əməkdaşları İrina Kunina, Rəşad İlyasov, Şəmşad Əlizadə, Tahirə Məmmədzadə, Sevda Xəlilova, Orxan Məmmədov, Elnur Qasımov, Günel Rüstəmova iştirak ediblər.

 

Xatırladaq ki, bu cür monitorinqlər BBMM tərəfindən 2015-ci ildən mütəmadi olaraq həyata keçirilir.