Doktor Vüsal Hacıyev: “Öz potensialını cəmiyyət üçün sərf edən insanlar olmasa, heç bir inkişaf ola bilməz”
Azərbaycanlı gənclərin dünyanın müxtəlif ölkələrində elm və təhsil sahəsində əldə etdikləri uğurlar hər birimizi sevindirir. Öz istedadları ilə işlədikləri nüfuzlu xarici universitetlərdə ad qazanan gənc alimlərimizin sorağı dünyanın müxtəlif ölkələrindən, elmi-tədqiqat mərkəzlərindən gəlir. Tədqiqatları ilə nüfuzlu alimlərin diqqətini cəlb edən gənclərimizdən biri də hazırda Almaniyada ürək cərrahiyyəsi sahəsində tədqiqatlar aparan Vüsal Hacıyevdir.
Tanıtım: 17 noyabr 1985-ci il tarixində Bakıda ziyalı ailəsində anadan olub. Atası Vahid Hacıyev əməkdar mühəndisdir, anası Sitarə xanım paytaxtın 46 nömrəli məktəbində informatika müəllimi işləyir. Orta təhsilini əvvəlcə Bakının Sabunçu rayonundakı 72 nömrəli liseydə, sonra isə Şirvan liseyində alıb. 2001-ci ildə dövlət təqaüdü hesabına Çexiyanın Marianske-Lazne şəhərində dil hazırlığı kurslarında oxuyub. 2002-ci ildə Çexiyanın nüfuzlu Çarlz Universitetinin I tibb fakültəsinə qəbul olunub. Dördüncü kursda oxuyarkən alman dili kursuna gedib. 2009-cu ildə universiteti bitirdikdən sonra Berlindəki Almaniya Ürək Mərkəzinin (Deutsches Herzzentrum Berlin) direktoru, dünya şöhrətli professor Roland Hetzerin rəhbərliyi altında ürək cərrahiyyəsi üzrə rezidentura pilləsinə daxil olub. V. Hacıyev professor R.Hetzerin rəhbərliyi altında dörd il ərzində trikuspidal qapağın çatışmamazlığına təsiri ola biləcək bütün faktorları araşdırıb, transplantasiyadan sonra sözügedən problemin qarşısının alınması üçün atılacaq addımları aşkar edib. 2018-ci ildə Almaniyanın Charite Universitetinin təşkilatçılığı ilə Berlin Dram Teatrında (Konzerthaus) “Ürək transplantasiyasından sonra trikuspidal qapağın çatışmazlığının risk faktorları” adlı doktorluq dissertasiyasını uğurla müdafiə edib. İstedadlı gənc Charite Universitetinin kollegiyası, baş direktor, universitetin professoru Karl Maks Aynhaupl, universitetin dekanı, professor Aleks Radlax Pries tərəfindən “Tibb üzrə elmlər doktoru” elmi dərəcəsinə layiq görülüb.
Hazırda ürək cərrahı vəzifəsində çalışan V.Hacıyev 2010-cu ildən başlayaraq ürək transplantasiyası əməliyyatından sonra trikuspidal qapağın çatışmazlığı mövzusunda araşdırma aparır.
Uşaqlıqdan həkim olmaq istəmişəm
Orta məktəbdə oxuyarkən daha çox biologiya, kimya, riyaziyyat, informatika fənlərinə maraq göstərmişəm. Biologiya fənn olimpiadasında respublika üzrə 4-cü yeri tutmuşam. Elə orta məktəbdən, uşaqlıq illərimdən də həmişə həkim olmaq istəmişəm. Uşaqlıqdan canlı aləmin necə işləməsi məni çox maraqlandırırdı.
Nailiyyətlərin başlanğıcı
Məncə, bütün uğurlarımın arxasında ailəm və müəllimlərim durur. Buna görə də deyə bilərəm ki, bütün uğurlarımızın başlanğıcı orta məktəbdən başlayır. Uşaqlıqda hər insanın bir çox arzusu olur. Bu arzuları nəzərə alaraq insana düzgün yol göstərmək, onu motivasiya etmək ən əsas faktordur. Müəllimlərim və valideynlərim mənə həmişə böyük hədəf göstərib ona çatacağıma inandırıblar. Mənə intizamlı olmağı öyrədiblər. Onlar fənləri dərindən öyrənməyim və mənimsəməyimə dəstək olublar, daim elmi sahəyə həvəsimi artırıblar.
“Life West” - ani ölümün qarşısını alan cihaz
Hazırda Almaniyada ECMO - bədəndən xaricdə membran oksigen atorunindikasiyası, implantasiyası və eksplantasiyası sahəsində tədqiqatlar aparıram. Bu, ürək və ağciyər çatışmazlığı vaxtı onları 5 gündən 1 aya qədər əvəz edə bilən bir cihazdır. Bu cihaz ilə müalicənin incəliklərini araşdırıram. “Life West” adlanan cihaz ürək əməliyyatından sonra ürək çatışmazlığı olan xəstələrdə ani ölümün qarşısını alan gödəkçə kimi geyinilən xüsusi cihazdır. Bu cihazdan xəstələr 3 ay müddətində istifadə edir. Bu vaxt ərzində ürəyin funksiyası bərpa olunur. Hazırda bu cihazın effektivliyini araşdırıram. Ürək transplantasiyasından sonra trikuspidal qapağın çatışmazlığı mənim dissertasiya işimdir. Artıq bitirmişəm. Bu mövzu ilə ABŞ başda olmaqla bir neçə ölkədə keçirilən nüfuzlu konqreslərdə iştirak etmişəm. Bu yaxınlarda nüfuzlu jurnalda məqaləm çıxmalıdır. Burada mən trikuspidal qapaq çatışmazlığının risk faktorunu araşdırmışam. Məlumdur ki, transplantasiya əməliyyatlarından sonra trikuspidal qapağın çatışmamazlığı problemi yaranır və vaxt keçdikcə bu çatışmamazlığın dərəcəsi artır. Nəticədə xəstə uğurlu transplantasiyadan sonra ayaqda şişlər, qaraciyər funksiyasının pozulması, qarın boşluğuna mayenin yığılması kimi problemlərlə üzləşir. Bu vəziyyət bir çox halda həyat keyfiyyətinin azalmasına və yenidən açıq ürək əməliyyatına gətirib çıxarır. Bu da donor ürəyinin çox az sayda mövcud olduğu zamanda uğurlu transplantasiya əməliyyatından sonra xəstə və cərrah üçün həddindən artıq təəssüf doğuran haldır. 1990-cı illərdən bu günə qədər bir çox mərkəzlərin bu problem üzrə araşdırma aparmasına baxmayaraq, bu araşdırmalar çatışmamazlığın əsas səbəbini aşkar etməmişlər.
Uğur insana izah edilə bilməyəcək hisslər yaşadır
Əlbəttə, hər bir uğur insana izah edilə bilməyəcək hisslər yaşadır. Amma bu hisslər hardasa 10 dəqiqə davam edir. Ondan sonra başa düşürsən ki, həyatında yeni bir səhifə başlandı və yeni sahəyə atılmaq lazımdır. Buna baxmayaraq, bu, çox böyük nailiyyətdir və Almaniyada elmi titulu olan şəxslərə münasibət həddindən artıq yüksəkdir.
Bu işdə mənə başda elmə həvəs yaradan müəllimlər, mənim iş yoldaşlarım, elmi rəhbərim professor R.Hetzer, professor Knosalla, ailəm və ən əsası məni daim motivasiya edən atam, mühəndislik elmləri doktoru Vahid Hacıyev dəstək oldular.
Ali tibb təhsili üçün Almaniyanı seçməyimə gəlincə deməliyəm ki, Almaniya bu ixtisasa yiyələnmək yolunda ən cəlbedici ölkələrdən hesab olunur.
Məncə, burada hər cür resursların, texnikanın və qabaqcıl kadrların olmasıdır.
Bir çox əcnəbilər alman universitetlərində təhsil alir. Məncə, alman dilini bilən, məktəb vaxtı uğurlar qazanan, yaxşı oxuyan hər bir şagird burada tələbə ola bilər.
Daim yenilik, öyrənmək həvəsində
Hər bir insanın həyatında bir uğur yolu var. Vüsal üçün uğura aparan yol haradan başlayıb? Həmsöhbətimizin cavabı maraqlı oldu.
- Qeyd etdiyim kimi, bu yol ailədən və ibtidai məktəb illərindən başlayır. Məncə, uğurlu insan daim qarşısına böyük hədəflər qoyub intizamlı şəkildə o hədəflərə doğru getməlidir. Mənə görə, bu məntiq insana uşaqlıqdan aşılanmalıdır. Ondan sonra hər bir insan özünün uğur yolunu tapar. Uğura aparan yol daim yenilik oyrənmək həvəsindədir. Bu mövzuda təhsilin rolu əvəzolunmazdır.
Mənim həyatımda ali təhsil əvəzolunmazdır. Çünki universiteti bitirmədən həkim kimi məsuliyyətli işlə məşğul olmaq mümkün deyil. Ali təhsil barədə çox danışmaq olar. Məncə, mənim həyatımda əsas rolu ondan ibarətdir ki, tam müasir qlobal tibb sisteminə uyğun tələbkar ali təhsil ocağında oxumuşam. Bununla gələcək karyeram üçün güclü baza yaradılmışdır. Ona görə Almaniyada da olsa işə başlayanda heç bir böyük çətinlik çəkməmişəm.
Hədəfim elmi fəaliyyətimi davam etdirməkdir
- Elm-təhsil sahələrinin cəmiyyət üçün çox böyük müsbət təsirləri var. Belə fədakar - öz potensialını cəmiyyət üçün sərf edən insanlar olmasa, heç bir inkişaf ola bilməz. Ona görə elm və təhsil ilə məşğul olan insanlara demək istəyirəm ki, həddindən artıq böyük işlə məşğul olurlar.
Məncə, uğurlu olmağın yolu böyük xəyal qurmaq, hədəfi dəqiq seçmək və o hədəfə tərəf intizamlı və planlı şəkildə irəli getməkdən ibarətdir.
Gələcəklə bağlı planlarıma gəlincə, demək istəyirəm ki, hədəfim elmi fəaliyyətimi davam etdirmək, ürək cərrahiyəsinin yeniliklərini dünyaca məşhur ürək cərrahlarından öyrənməkdir.
Qeyd edək ki, V.Hacıyev professor R. Hetzerlə birlikdə 4 minə yaxın müxtəlif ürək əməliyyatlarında, təxminən 50-dək ürək transplantasiyasında iştirak edib. Sərbəst şəkildə isə 400-dən artıq ürək əməliyyatları aparıb.
Tibb üzrə fəlsəfə doktoru Vüsal Hacıyev 2016-cı ildən Avropa Ürək Cərrahları Assosiasiyasının üzvüdür. O, vaxtaşırı müxtəlif ölkələrdə keçirilən elmi konqres və seminarlara dəvət alıb. 2016-cı ildə Vaşinqtonda Beynəlxalq Ürək və Ağciyər Transplantasiyaları Cəmiyyətinin illik konfransında məruzə ilə çıxış edib. Ürək və ağciyər transplantasiyası üzrə ən son yeniliklərin, aparılan araşdırmaların və tədqiqatların təqdim olunduğu, 45 ölkədən yüzlərlə həkimin iştirak etdiyi konfransda Vüsalın məruzəsi maraqla qarşılanıb. O, ötən ay Bakıda keçirilən “Bakı Ürək günləri” konqresində “Trikuspit qapaq çatışmazlığının qarşısının alınması” və “Ürək çatışmazlığının mürəkkəb müalicəsi” mövzularında məruzə ilə çıxış edib. Bu ilin oktyabrında isə İtaliyanın Milan şəhərində keçiriləcək konfransa dəvət alıb.
Gənc istedadlı kardioloq-alimə bundan sonra da tədqiqatlarında yüksək zirvələr arzulayırıq.
Oruc MUSTAFAYEV