Mingəçevir Dövlət Universitetində (MDU) “Rektorla söhbət” layihəsinə start verilib. Layihə çərçivəsində MDU-nun rektoru Şahin Bayramovun ilk görüşü universitetin magistrantları ilə keçirilib. Ali məktəbin əsas tədris binasının həyətində baş tutan görüşdə 70-ə yaxın magistrant iştirak edib.

 

Ş.Bayramov, əvvəlcə  layihənin əsas məqsədlərindən və gözləntilərindən danışıb. Layihə çərçivəsində MDU ailəsi üzvləri və regionun təhsil, elm, innovasiya, sahibkarlıq ekosisteminin müxtəlif nümayəndələri ilə davamlı olaraq görüşlərin keçiriləcəyini qeyd edən rektor başlıca məqsədin yeni dövrün universitetinin qurulması yolunda mövcud ehtiyacların və tələblərin öyrənilməsi olduğunu bildirib.

 

Magistratura səviyyəsində kadr hazırlığının universitetin elmi və akademik potensialının gücləndirilməsi baxımından önəmini diqqətə çatdıran Ş.Bayramov ilk görüşün magistrantlarla keçirilməsinin təsadüfi olmadığını vurğulayıb. MDU-nun strateji hədəflərindən bəhs edən rektor universitetdə yeni yaradılan Magistratura və Doktorantura Təhsil Mərkəzinin strukturunun təkmilləşdirilməsi, tədrisin və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən, həmçinin gələcəkdə planlaşdırılan işlər barədə məlumat verib.

 

Sonra görüş dialoq və müzakirə formatında davam edib. Görüşdə magistrantların tədqiqat və rəqəmsal bacarıqlarının, xarici dil biliklərinin inkişaf etdirilməsi, dissertasiya işlərinin tətbiqyönümlüyünün artırılması, ixtisaslar üzrə müasir trendlərin davamlı olaraq izlənilməsi, konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə, universitet idarəçiliyində və sosial fəaliyyətlərdə, eləcə də regionun ictimai həyatında aktivliyin yüksəldilməsi, qabaqcıl yerli və xarici tərəfdaş ali təhsil müəssisələrində doktoranturaya qəbulun dəstəklənməsi, mübadilə proqramlarında iştirak imkanlarının genişləndirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.