Prezident İlham Əliyev fevralın 28-də “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ali təhsil müəssisələri istisna olmaqla dövlət büdcəsindən maliyyələşdirilən bütün təhsil müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşları bu il martın 1-dən orta hesabla 10 faiz artırılıb. Təxmini hesablamalara görə, artımdan 240 minədək təhsil işçisi faydalanacaq.
Əməkhaqqı artımı ilə bağlı imzalanmış son sərəncam təhsil işçilərinə qayğının, onların maddi rifah halının durmadan yüksəldilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu bir daha sübut edir. Qeyd edək ki, son illərdə ölkəmizdə təhsil işçilərinin əməkhaqları bir neçə dəfə artırılıb. Bu baxımdan Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamı bu istiqamətdə atılmış ən mühüm addım kimi dəyərləndirilə bilər. Məhz həmin sərəncamla qeyd edilən kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb.
Mərhələlərlə həyata keçirilən və ölkənin bütün dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimləri əhatə edən diaqnostik qiymətləndirmə nəticəsində 140000-dək müəllimin əmək haqqı artıb. Dövlət başçısının mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərlə bərabər tutulması haqqındakı müvafiq sərəncamına əsasən isə bu artım ötən il mərkəzləşdirilmiş imtahandan uğurla keçib işə qəbul olunan 6 minə yaxın müəllimə də şamil olunub və onlar artıq bu ilin yanvarından əməkhaqlarını artımla alırlar.
Təhsil işçilərinin əməkhaqlarının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, eləcə də müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan digər addımlar təhsil sahəsində çalışanlar üçün böyük stimul olmaqla, təbii ki, məsuliyyəti də artırır və onlar dövlətin bu qayğısına öz sahələrində daha keyfiyyətlə işləməklə cavab verməyə səy göstərirlər.