“BDU-da bakalavriat səviyyəsində 21215 tələbə təhsil alır. BDU tələbələrinin 55 nəfəri Prezident təqaüdçüsüdür”. Bu sözləri Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclasında tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Fərda İmanov deyib. İclasda 2021-ci ildə BDU-da tədrisin təşkili və təlim texnologiyalarının tətbiqi haqqında hesabatı təqdim edən prorektor bildirib ki, ali məktəbdə tədrisin idarə edilməsi sadələşdirilərək təkmilləşdirilir. Bu məqsədlə Tədrisin Təşkili və İdarəolunması Mərkəzi yaradılıb. Universitetdə  16 fakültə və SABAH Mərkəzində ümumilikdə 83 ixtisas üzrə kadr hazırlanır. Universitetin professor-müəllim heyətinin sayı 1359 nəfərdir. Onlardan 238 nəfəri professor, 613 nəfəri dosent, 408 nəfəri isə tədris-köməkçi heyətdir. Tələbələrdən 4693 nəfər əlaçı (30 faiz), 5528 nəfər (36 faiz) həvəsləndirici, 5212 nəfər (34 faiz) adi təqaüd alır.

 

F.İmanov bildirib ki, hazırda ənənəvi təlimlə yanaşı, tədris prosesində innovativ metodlar tətbiq olunur və bu metodlar tələbənin intellektual-yaradıcı potensialının istifadəsinə yönəlir.

 

Daha sonra BDU-nun nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) 2021-ci il üzrə hesabatı təqdim olunub. İnstitutun direktoru Sədiyar Musayev qeyd edib ki, ETİ-də Kondensə olunmuş hal fizikası, Nəzəri fizika və Biofizika şöbələri fəaliyyət göstərir. Hesabat ilində elmi-tədqiqat işlərində institutun 64 nəfər əməkdaşı iştirak edib. Ötən il ETİ əməkdaşları tərəfindən 130 elmi əsər çap etdirilib, 10 elmi nəticə əldə olunub.

 

İclasın sonunda cari məsələlərə baxılıb.