Dünya azərbaycanlıları Şuşada Zəfər sevincini bölüşdülər
Ötən həftə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı çağdaş tarixin səhifələrinə Zəfər Qurultayı kimi yazıldı. Bu qurultay dünya azərbaycanlılarının Şuşa xəyallarını, arzularını gerçəkliyə çevirdi. Qurultay dünyanın müxtəlif coğrafiyalarında Azərbaycanın haqlı davasına hər zaman dəstək verən soydaşlarımızın Şuşanı tezliklə görməyə haqqı çatanlardan olduqlarını və hamı üçün mənəvi ünvanda bir araya gəlməyin özəlliyini, duyğusallığını bir daha təsdiqlədi. Əzəmətli Şuşa dünya azərbaycanlılarını bir araya gətirməkdə möhtəşəm simvol oldu. Azad Qarabağın, artıq etibarlı əllərdə olan doğma Şuşanın dünya azərbaycanlılarının görüşünə ev sahibliyi etməsi, həqiqətən də mühüm tarixi hadisə kimi hafizələrə köçdü. Buna qədərki dörd qurultayın reallaşdığı dövr Azərbaycanın ərazi bütövlüyünün pozulduğu, işğala məruz qaldığı acı bir dönəm idi.
Həmin qurultaylar dünyadakı soydaşlarımızın da çiyinlərinə Azərbaycan davasını, Qarabağ mücadiləsini, məsuliyyətini yükləmişdi. Sözsüz ki, qazanılan möhtəşəm Qələbədə həm də həmvətənlərimizin uzun sistemli fəaliyyəti, uğurlu təbliğati addımları, həmrəyliyi öz rolunu oynadı və Şuşadakı Zəfər Qurultayı onların Azərbaycan sevgisinin, haqlı davalarının, mübarizliklərinin, güclü Vətən yolunda məhz yumruq olmalarının gözəl bəhrəsi kimi təntənə qazandı.
Dünya azərbaycanlıları Azərbaycan dövlətinin və beynəlxalq təşkilatların Qarabağla bağlı siyasətini hər zaman yaxından izlədi. 30 il davam edən danışıqların mənasızlığına, bəzi xarici dövlətlərin Ermənistanın işğalçılıq siyasətini pərdələməyə çalışmasına dəfələrlə şahidlik etdi. 1992-ci ildə Qarabağ məsələsini həll etmək üçün mandat almış Minsk qrupunun faktiki olaraq heç bir nəticə əldə etmədiyini, 2019-cu ildə iflic vəziyyətə düşdüyünü, bu qrupun münaqişəni çözmək üçün yaranmadığını anladı. Dünya azərbaycanlıları Minsk qrupunun timsalında beynəlxalq hüququn bərpası üçün atılmalı vacib addımları görə bilmədi. Gördüyü, bildiyi tək bu oldu ki, Qarabağ münaqişəsinin həll edilməsi Azərbaycan Prezidenti üçün başlıca vəzifədir; Azərbaycan hərbi cəhətdən güclənir; gənclər bu missiya üçün hazırlanır; xalqla iqtidar birdir; Azərbaycan xalqı işğal faktı ilə barışmır; öz gücü ilə münaqişənin həllinə çalışır və bunu mütləq bacaracağını nümayiş etdirə bilir!
Dünya Azərbaycanlılarının V Qurultayı əslində bu bacarığı, iradəni, gücü, Qələbəni alqışlamaq, Ədalətli Zəfərin sevincini bölüşmək üçün təyin edilən tarixi bir qurultay oldu. Şuşa dünya azərbaycanlıları üçün həmin gün həm də mənəvi hesabat məkanı idi. Yəni, 30 illik işğal müddətində Azərbaycanın haqq səsini yaşadıqları müxtəlif coğrafiyalarda necə ucaltdılar? Azərbaycanın müdafiəsi üçün hansı işləri gördülər? II Qarabağ müharibəsi zamanı informasiya cəbhəsində necə savaşdılar? Sözsüz ki, torpaqlarımızın erməni faşizmindən təmizlənməsi, həm də onların xaricdəki sistemli, uğurlu fəaliyyətinin bəhrəsi idi.
Zəfər Qurultayında xaricdə yaşayan milyonlarla azərbaycanlıya zəruri mesajlar verildi. O mesajlar ki, Qələbələr həmrəyliklə qazanılır! Azərbaycanın haqq səsini hər zaman hər yerdə ucaltmaq hər kəsin mühüm vəzifəsidir!
Bu mesajlar ona görə vacibdir ki, müharibə bitsə də, Azərbaycana qarşı bəslənən düşmənçilik hissləri bitməyib; Ədalətsizlik aradan qalxmayıb; Ərazi iddiası hələ də irəli sürülür; İnformasiya təxribatları hər gün davam edir. Bunun qarşısında dayana biləcək yeganə qüvvə isə güclü Azərbaycandır, azərbaycanlıların həmrəyliyidir, soydaşlarımızın yaşadıqları ölkələrdə təbliğati işdə ardıcıllığı və prinsipiallığıdır.
Məsələ bununla da bitmir. Hər bir azərbaycanlı Vətəni ilə mənəvi bağlarını möhkəm saxlamaq üçün ondan fiziki olaraq qopmamalıdır. Bunun üçün iki faktor mühüm əhəmiyyət daşıyır. Birincisi, ana dili unudulmamalıdır; öz dilində danışmalı, öz ölkəni yaxşı tanımalısan. İkincisi, qürbətdə yaşasan da, öz ölkəni tez-tez ziyarət etməli, Azərbaycanı övladlarına da tanıtmalı, Vətənlə möhkəm bağlılığa çalışmalısan. Şübhəsiz ki, işğaldan azad olunmuş rayonlarda nəhəng aeroport infrastrukturunun yaradılması da soydaşlarımızın ziyarətini, gediş-gəlişini asanlaşdırmağa xidmət edəcək.
Qurultay dünya azərbaycanlıları üçün bir tərəfdən tarixi torpaqlara qovuşmaq anlamında sentimental duyğular yaratdısa, qısa müddətdə görülən quruculuq işlərinə heyranlıq, fəxr, qürur hissləri doğurdusa, digər tərəfdən erməni vandalizminə şahidlik onları dərin kədərə, qəzəbə boğdu. Şuşada erməni izlərindən geriyə qalanlara-quruyan 17 bulağa, dağıdılan tarixi binalara, təhqir edilən məscidlərə şahidlik əlbəttə ki, çətindir. Təkcə Şuşada da yox, işğaldan qurtarılan bütün torpaqlarımızdakı xarabalıq səhnəsi erməni vandalizmi haqqında yetərli təəssürat yarada bilir.
Bütün bunlar dünya azərbaycanlılarından həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında hər zaman aktiv olmağı tələb edir. Prezident İlham Əliyev qurultayda dünya azərbaycanlılarının bundan sonra görməli olduqları işlərə aydınlıq gətirdi. Həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar.Tarix heç zaman unudulmamalıdır. Çünki istənilən münaqişənin siyasi və digər yollarla həll edilməsi üçün bu, çox vacibdir.
Söhbət XIX əsrdə imzalanmış müqavilələrdən - Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən gedir ki, dünya bu müqavilələrin mahiyyətini bilməlidir. XIX əsrdə, XX əsrin əvvəllərində ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi kimi tarixi faktlar, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının heç bir əsasının olmaması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası və s. kimi faciəvi hadisələr hafizəmizdə qorunub saxlanmalı, dünyadakı aktiv erməni təbliğat maşınına qarşı qoyulmalı, beynəlxalq arenalarda özümüzü müdafiə silahımız olmalıdır.
Qurultay Azərbaycan diasporunun qarşısına II Qarabağ savaşının səbəb və nəticələrini dünyada yaymaq, bu yöndə maarifləndirməni, təbliğatı gücləndirmək vəzifələri qoydu, bu tezisləri növbəti illər üçün fəaliyyət planı kimi müəyyənləşdirdi. Çünki müharibənin bitməsinə baxmayaraq, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına hələ çox böyük ehtiyac var...
Vəfa ALLAHVERDİYEVA