Aprelin 28-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda II beynəlxalq konfrans öz işinə başlayıb.

 

Konfrans İqtisadiyyat, Təhsil və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər aparıcı qurumların birgə təşkilatçılığı ilə keçirilir.

 

Konfransın açılısında UNEC-in rəqəmsal iqtisadiyyatla bağlı innovativ texnologiyalara əsaslanan ixtira və patentlərindən bəhs edən videoçarx nümayiş olunub.

 

Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru Ədalət Muradov mövzunun aktuallığını vurğulayaraq, konfransın ölkənin dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti olan rəqəmsal transformasiyanın müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə təşkil olunduğunu bildirib.

 

Rektor beynəlxalq konfransa 15 ölkədən, o cümlədən İngiltərə, Portuqaliya, Serbiya, İsrail, Litva, Türkiyə, Slovakiya, Macarıstan, Kolumbiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Belarus, Rusiya və Özbəkistandan 200-dək məqalənin qəbul edildiyini bildirib. 

 

Təhsil naziri Emin Əmrullayev rəqəmsallaşmanın təhsil sisteminin qarşısında qoyduğu əsaslı çağırışlardan danışıb. Nazir müasir təhsil sistemində klassik fənlərin əksəriyyətinin öz aktuallığını itirdiyini, rəqəmsal bilik və bacarıqlar tələb edən fənlərin önə çıxdığını deyib, qəbul imtahanlarına informatika fənninin salınacağını bildirib. Rəqəmsal savadlılığın və bacarıqların ölçülməsinin vacibliyinə diqqət çəkən nazir, Azərbaycanın 2023-cü ilin mayında Beynəlxalq Qiymətləndirmə Assosiasiyasının keçirdiyi İSELS qiymətləndirmə layihəsinə qoşulacağını vurğulayıb.

 

Milli Məclisin komitə sədri Tahir Mirkişili rəqəmsallaşmanın iqtisadiyyatda yaratdığı köklü dəyişikliklərdən söz açıb. Rəqəmsallaşmanın iqtisadiyyatda yeni alətlər yaratdığını, şəffaflığı artırdığını və iqtisadi inkişafı sürətləndirdiyini deyən komitə sədri, biznes platformaların yaradılmasını rəqəmsallaşmanın ən böyük üstünlüklərindən biri kimi dəyərləndirib. 

 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov dayanıqlı iqtisadiyyatın təmin olunmasında rəqəmsallaşmanın rolundan danışıb. Azərbaycanda rəqəmsallaşmanın yaratdığı imkanlar hesabına güclü iqtisadiyyat qurulacağını deyən nazir müavini, məhz bu cür güclü, rəqəmsal inkişafın risklərə daha dayanıqlı olduğunu deyib. 

 

Konfransda çıxış edən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində vacib olan sahələri açıqlayıb. Tamerlan Tağıyev müvafiq infrastrukturun yaradılmasının, ölkədə yüksək sürətli, dayanıqlı internetin təmin olunmasının, təhsilin bütün pillələri üzrə rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Çıxışlardan sonra konfransın məruzəçilərinə plaketlər təqdim olunub.

 

Beynəlxalq konfrans plenar məruzələrlə davam edib.

 

Qeyd edək ki, konfransda qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi əsas mövzular müzakirə olunur.