Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” V Beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Rumıniya, Əlcəzair, Qazaxıstan və başqa ölkələrdən məruzəçilər iştirak ediblər.
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, multikulturalizm dövlət siyasətinin əsasını ulu öndər Heydər Əliyev qoyub. Multikulturalizmin dövlət səviyyəsində həyatımıza, cəmiyyətimizə tətbiqi Ulu öndərin qəbul etdiyi qərarlardan başlayır və bu siyasəti Prezident İlham Əliyev çox böyük uğurla, ləyaqətlə davam etdirir. Rektor Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, ABŞ-da, Avropada, yaxın və uzaq ölkələrdəki universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu diqqətə çatdırıb. Əlavə edib ki,Mərkəzin yaradılmasının əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın, etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq, mövcud multikultural modelləri tədqiq və təşviq etməkdir.
ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov konfransın elmi və siyasi əhəmiyyətindən, universitetdə multikulturalizm istiqamətində aparılan davamlı işlərdən, elmi əlaqələrin gücləndirilməsindən danışıb.
Universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, millət vəkili Tamam Cəfərova deyib ki, ulu öndər Heydər Əliyev Azərbaycanda bir çox sahələr kimi, multikulturalizmin də banisi sayılır. Belə ki, Azərbaycan dünyada yalnız neft və qaz ölkəsi kimi deyil, daha çox multikultural dəyərlərin inkişaf etdiyi ölkə kimi tanınır.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bildirib ki, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir.
Rumıniyanın Aleksandr İoan Kuza adına Universitetinin professoru Lüdmila Bejenaru, Əlcazairin Mərkəzi Salhi Əhməd Universitetinin professoru Kaid Nuraddin, Qazaxıstanın Kostanay Regional Universitetinin dosenti Qaziz Şaymerden və digər iştirakçılar mövzuya dair məruzə ilə çıxış ediblər.
Konfrans bölmə iclasları ilə davam edib.