Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının növbəti iclası keçirilib.

 

İclasdan öncə ADPU-nun fakültə və filialları, Pedaqoji Kollec, həmçinin müvafiq elmi-təşkilati strukturların fəaliyyətini əks etdirən elmi əsərlərdən ibarət sərgi təşkil edilib. Sərgidə Pedaqoji Universitetin dövri-elmi jurnalları, 100 illik yubiley nəşrləri, habelə hər bir strukturun ərsəyə gətirdiyi elmi əsərlər, kitab, dərslik, monoqrafiya və məqalələr nümayiş olunub.

 

Sonra Elmi Şuranın iclasında çıxış edən rektor, professor Cəfər Cəfərov  bildirib ki, ötən il universitet üçün xeyli əlamətdar olub.  Elmi-innovativ inkişaf, beynəlxalq əməkdaşlıq, infrastrukturun və təhsil keyfiyyətinin yaxşılaşdırılması istiqamətində xeyli irəliləyişlər əldə edilib.

 

İclasda Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov ADPU-nun 2021-ci il üçün elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat məruzəsi edib. Bildirib ki, elm-təhsil-innovasiya üçbucağının eyni bir müstəviyə gətirilməsi və balanslı şəkildə inkişaf etdirilməsi, o cümlədən “Azərbaycan 2030: gələcəyə baxış” İnkişaf konsepsiyasında və“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədi ilə son illər ADPU-da bir sıra işlər görülür.

 

Prorektor vurğulayıb ki, universitetdə 2021-ci ildə 742 əməkdaş elmi-tədqiqat işlərinə cəlb edilib, 54 istiqamətdə, 83 problem, 425 mövzu  üzrə tədqiqat  aparılıb, 65 iş tədris prosesində tətbiq olunub. Aparılmış elmi-tədqiqat işlərinin nəticələri əsasında 33 monoqrafiya, 20 dərslik, 70 dərs vəsaiti,  197 proqram və metodik vəsait, 686 məqalə (32-si impakt faktor göstəricili  jurnalda) və s. çap olunub, habelə əməkdaşların elmi əsərləri müsabiqələrə təqdim edilib. ADPU-nun 7 dövri-elmi jurnalı yüksək elmi və poliqrafik səviyyədə müntəzəm nəşr olunub.

 

A.Zamanov diqqətə çatdırıb ki, ali təhsil müəssisəsində bütün elmi strukturlarda gəncləşdirmə işləri aparılır və ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurası vasitəsilə gənc tədqiqatçıların fəaliyyəti əlaqələndirilir. Tədqiqatları stimullaşdırmaq məqsədi ilə müsabiqələr keçirilir. Həmçinin, ADPU-da 2021-ci ildə 3 beynəlxalq, 10 respublika və onlarla universitet səviyyəli elmi konfranslar keçirilib.

 

Şura hesabatı müsbət qiymətləndirib və iclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.