İkinci Qarabağ müharibəsində fəal iştirak etmiş, şəhid Ziyad Muradovun həyat yoldaşı Aysel Muradova və oğlu Muradxan Muradov Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunu ziyarət ediblər.

 

MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı, həmçinin fondun rəhbəri Röksanə Səfərzadə şəhidlərin əziz xatirəsinin hər bir vətəndaşın qəlbində əbədi yaşayacağını bildiriblər. Görüş zamanı şəhidin ailə üzvləri müharibə iştirakçılarının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, şəhidlərin şəxsi kitablarından ibarət guşə ilə tanış olublar.

 

Ziyadın həyat yoldaşı Aysel Muradova şəhidin kiçik yaşlarından bu yana yazdığı şeirləri “Vətən məni çağırır” adı ilə kitabda çap etdirib, sözügedən kitabın bir nüsxəsini də fonda bağışlayıb.

 

Qeyd edək ki, Ziyad Muradov Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. Oktyabrın 20-i Füzuli uğrunda gedən döyüşlərdə başından ağır zərbə alaraq Şəhidlik zirvəsinə ucalıb. Dövlət başçısının sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.