Bakı Dövlət Universitetində (BDU) Kitab Evi açılıb. Açılışda BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Kitab Evi tələbə və əməkdaşların üz tutduqları əsas məkanlardan biri olacaq. Burada tələbələr elmin müxtəlif sahələrinə aid kitablar ala biləcəklər: “Kitab Evində dərs kitabları ilə yanaşı, bədii, elmi, siyasi ədəbiyyat, Böyük Zəfərimizlə bağlı kitablar, eləcə də dəftərxana ləvazimatları əldə etmək mümkündür. Tələbələr tədris prosesində lazım olan bütün dərslik və vəsaitləri burada sifariş verə bilərlər. Gələcəkdə həmin vəsaitlərə tələbələrin planşetlərdə istifadə edə bilməsi üçün onların elektron versiyaları da əlavə olunacaq. Kitabların məzmunu və keyfiyyəti ilə bağlı tələbələrin rəyləri nəzərə alınacaq”.
E.Babayev BDU-nun Elmi Kitabxanasının bu ilin sonuna qədər tam elektronlaşacağını da deyib: “Gələcəkdə Kitab Evinin qarşısında günəş batareyaları və digər texnoloji qurğular da yerləşdiriləcək. Tədricən ən təkmil texnologiyaları BDU-ya gətirəcəyik”.