Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) təşkilatçılığı ilə “Psixologiya gecəsi” keçirilib. 

 

Filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi gecədə əvvəlcə birliyin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Sonra GPB-nin üzvləri – Təhsildə sosial-psixoloji xidmət ixtisasının tələbələri Nurcahan Rüstəmzalovanın “Davranışımıza təsir edən hisslər”, Şəbnəm Qədirovanın “Stres nədir və həyatımıza təsiri”, Jalə Əliyevanın “Qəzəb hissinin orqanizmə təsiri”, İlknur Məhərrəmova və Nəzrin Məhərrəmovanın “Sevginin həyatımızdakı önəmi” mövzusunda maraqlı çıxışları dinlənilib.

 

Həmin ixtisasın tələbələri tərəfindən səhnələşdirilmiş “İmtahan stresi”,  “Qəzəbini idarə etməyən insanın yaşadığı çətinliklər”, “Sevgisiz böyüyən uşaqlar” adlı psixodramlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Gecə Humay Saatova və Şəbnəm Qədirovanın ifasında ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 

Tədbirdə tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev çıxış edərək, GPB-nin dörd illik fəaliyyəti dövründə həyata keçirdiyi işlərin, təşkil etdikləri maraqlı tədbirlərin əhəmiyyətindən danışıb.