Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində (BTU) səfərdədir. Səfər çərçivəsində magistratura səviyyəsində maşınqayırma mühəndisliyi və metallurgiya mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı haqqında müqavilə imzalanıb.

 

Müqaviləyə AzTU-nun rektoru, professor Vilayət Vəliyev və BTU-nun prezidenti, professor Gezine Grande imza atıb.

 

V.Vəliyev və G.Grande müqavilənin 10 ildən artıq davam edən əməkdaşlığın nəticəsi olduğunu bildiriblər.

 

Sənədin hər iki ali təhsil müəssisəsi üçün faydalı olacağı vurğulanıb, ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.

 

Qeyd edək ki, nümayəndə heyətində Təhsil Nazirliyinin aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev də iştirak edib. Yaqub Piriyev Almaniyanın mühəndis təhsilinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu müqavilə Almaniya universitetləri ilə imzalanan ilk ikili diplom müqaviləsidir. O da qeyd olunub ki, Təhsil Nazirliyi Almaniya universitetləri ilə ikili diplom proqramlarına böyük əhəmiyyət verir.

 

Daha sonra nümayəndə heyəti universitetin kampusu və laboratoriyaları ilə tanış olub. Həmçinin AzTU-nun məzunları olan, BTU-da magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tədqiqat hesabatları dinlənilib və perspektiv imkanlar barədə müzakirələr aparılıb.

 

Nümayəndə heyətinin səfəri davam edir.