Dünya Azərbaycanlılarının V Qurultayının məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi rəmzi məna daşıyır.
Qurultayın əsası 2001-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider həmin qurultayda çıxış edərkən bildirib ki, “Gün gələcək bu qurultay Şuşada və işğaldan azad edilmiş Azərbaycanımızın digər şəhərlərində keçiriləcək”.
Bu uğurlu başlanğıcdan sonrakı dövrdə möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə ölkəmizdə dünya azərbaycanlılarının daha üç qurultayı keçirilib. Bu qurultayların hər birinin xalqımızın tarixində öz yeri və əhəmiyyəti vardır. Lakin Şuşada keçirilən V Qurultayın əhəmiyyəti xüsusilə böyükdür. Çünki bu qurultay Vətən müharibəsində qazandığımız Zəfərdən sonrakı dövrdə reallaşdı.
2020-ci ildə Silahlı Qüvvələrimiz 44 günlük savaşla dövlətçiliyimizin ən şərəfli səhifələrini yazdı və əldə olunan tarixi Zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın uzun müddətli işğalına son qoydu. Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, digər şəhər və kəndləri, strateji yüksəklikləri işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürüb kapitulyasiyaya məcbur etdi. Şərəfli missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix, xalq, Vətən qarısında misilsiz xidmətlər göstərdilər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda tərbiyə alan nəsil bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etdilər.
Müstəqillik tariximizdə ilk dəfə Dünya Azərbaycanlılarının Qurultayının düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydir. Azərbaycanın diaspor təşkilatları, xaricdə yaşayan soydaşlarımız öz vətənləri ilə əlaqələrini daim gücləndirməyə çalışmalıdırlar. Prezident İlham Əliyev qurultaydakı nitqində belə söylədi: “Əlbəttə, biz hamımız- Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün”.
Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də, erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırıb. Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində müstəqil Azərbaycan dünyada sayılıb-seçilən nüfuzlu ölkələr sırasında yer alıb. Azərbaycan diasporu indi yüksək səviyyədə təşkilatlanmış formadadır. Soydaşlarımızın qədim, azad Şuşanı görmək, gəzmək arzusuna imkan verən qurultay uzun illər təkcə tədbir iştirakçılarının deyil, həmçinin, xalqımızın yaddaşında yaşayacaq.
Bu gün Ermənistanın siyasi dairələri Şuşada keçirilən Zəfər Qurultayı ilə bağlı ciddi narahatlıq keçirirlər. Çünki Azərbaycan yeni tarix yaradır və yazır. Çünki Şuşada Qarabağ Zəfəri, milli həmrəylik, xalq-lider birliyi və Azərbaycanın qüdrəti nümayiş etdirildi. Zəfər Qurultayı tariximizə qızıl hərflərlə yazılan mühüm hadisələrdən biri kimi daxil oldu.
Eldar Aslanov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, dosent