ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının üzvü, akademik Roald Saqdeyev BDU-nun professor-müəllim heyəti ilə görüşüb.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov fizika elminə, xüsusilə kosmik fizika sahəsinə böyük töhfələr verən akademik Roald Saqdeyevin elmi yaradıcılığı haqqında ətraflı məlumat verib.
Daha sonra R.Saqdeyev “Metamateriallarda proqres” adlı məruzə ilə çıxış edib. Dünya şöhrətli alim ABŞ-ın nüfuzlu universitetlərində aparılan elmi təcrübələr, elmi fəaliyyətin formalaşma mərhələləri və müəllimləri olmuş Lev Landau, Vitali Ginzburq haqqında danışıb.
Universitetin rektoru Elçin Babayev R.Saqdeyevi BDU-da görməkdən məmnunluğunu bildirib, onu əfsanəvi şəxsiyyət adlandırıb. Rektor qeyd edib ki, R.Saqdeyev tatar xalqının böyük oğlu, Azərbaycan xalqının isə böyük dostudur: “Bu il dekabrın 26-da Roald Saqdeyevin 90 yaşı tamam olacaq və bu əlamətdar tarix BDU-da yüksək səviyyədə qeyd ediləcək. R.Saqdeyev Azərbaycanda kosmik sahədə tədqiqatlara böyük töhfələr vermiş şəxsiyyətdir, Kosmik Məsələlər üzrə Şuranın üzvüdür. O, həm də BDU-nun Himayəçilər Şurasının üzvü kimi daim öz dəyərli məsləhətlərini verir. Gənc nəsil R.Saqdeyev kimi alimlərdən nümunə götürməlidir”.
Daha sonra R.Saqdeyev görüş iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Qeyd edək ki, R.Saqdeyev Moskvada anadan olub. Moskva Dövlət Universitetini bitirib. İ.V.Kurçatov adına Atom Energetikası İnstitutunda, SSRİ EA Sibir şöbəsinin Nüvə Fizikası İnstitutunda işləyib. 1968-ci ildə SSRİ Elmlər Akademiyasının akademiki seçilib. ABŞ Milli Elmlər Akademiyasının üzvü olub. 1973-1988-ci illərdə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna rəhbərlik edib. 1989-cu ildən Merilend Universitetində (ABŞ) işləyir, eyni vaxtda REA Kosmik Tədqiqatlar İnstitutunun baş elmi əməkdaşıdır. Plazma fizikası (zərbə dalğaları, köçürmə prosesi, dayanıqsızlıq), idarəedilən istilik-nüvə sintezi, kosmik fizika üzrə əsərlər R.Saqdeyevə məxsusdur.
Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişafı sahəsində akademik R.Saqdeyevin dəyərli tövsiyələri olub.
2012-ci ildə R.Saqdeyev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.