Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Ağamusa Axundovun 90 illiyinə həsr olunan xatirə tədbiri keçirilib.

 

Tədbirdə görkəmli elm və ədəbiyyat xadimləri, Kürdəmir şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Xatirə tədbiri çərçivəsində akademik A.Axundovun həyat və fəaliyyətinə həsr olunan sərgi açılıb.

 

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Filialının müdiri Yaqut Bahadırqızı A.Axundovun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib, görkəmli alimin Azərbaycan dilçilik elminin inkişafındakı böyük xidmətlərindən danışıb.

 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar akademik A. Axundov haqqında xatirələrini bölüşüb, onu şəxsiyyət və alim kimi yüksək dəyərləndirib: “Ağamusa müəllim haqqında düşünəndə insanın ürəyinə işıq, ən gözəl hisslər, ən gözəl xatirələr gəlir. Mənsub olduğumuz 60-cılar nəsli ədəbiyyata gələndə, bizi ilk müdafiə edənlərdən biri Ağamusa müəllim idi. Bunu heç vaxt unutmayacağam. Daha sonralar Ağamusa Axundovun ədəbiyyatımız, dilçiliyimiz, müasir şeirimiz və nəsrimiz haqqında dəyərli kitabları çap olundu və o, özünü Azərbaycanın ən görkəmli alimlərindən biri kimi təsdiq elədi. Ağamusa müəllimin haqqında düşünəndə ağlıma gələn ilk söz arxayınçılıq sözü olur. O, ailəsindən, sənətindən, ədəbiyyat və elmdəki yerindən, ədəbiyyatımızın gələcəyindən arxayın idi. Ağamusa Axundov arxayın idi ki, bütün keçəri şeylər sovuşub gedəcək, əbədi dəyərlər qalacaq. O, həyatını bu əbədi dəyərlərin təsdiqinə həsr etmişdi”.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli A.Axundovun 90 illik yubileyinin anadan olduğu Kürdəmir şəhərində keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirib, onu böyük alim və elm təşkilatçısı kimi xarakterizə edib. İ.Həbibbəyli qeyd edib ki, akademik A.Axundov 32 yaşında dilçilik üzrə elmlər doktorluğu müdafiə edərək rekord göstəriciyə nail olub: “Təkcə bu fakt Ağamusa Axundovun böyük istedadından xəbər verir. Azərbaycan dilçiliyinin inkişafında fonetika sistemini, fonetika istiqamətini yaradan məhz akademik Ağamusa Axundovdur. Ağamusa müəllimin “Azərbaycan dilinin fonemlər sistemi” adlı kitabı Azərbaycan fonetikasının abidəsidir. O, dilin estetikasından yazan ilk dilçi alimlərdən biridir”.

 

İ.Həbibbəyli əlavə edib ki, A.Axundov hələ 80-ci illərdə riyazi dilçilik anlayışını linqvistik tədqiqatlar sferasına gətirib. Bundan başqa, görkəmli alimin ədəbiyyatşünaslıq sahəsindəki tədqiqatları dilçilik istiqamətindəki tədqiqatlarından geridə qalmır: “Ağamusa müəllim dilçilik istiqamətində göstərdiyi professionallığı ədəbiyyatşünaslıq sahəsində də peşəkar səviyyədə olan əsərləri ilə isbat edib. Onun Azərbaycan ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələrinə aid yazdığı sanballı elmi əsərlər dilçiliklə ədəbiyyatşünaslığın qovşağında olub, həm diliçiliyi, həm də ədəbiyyatşünaslığı zənginləşdirən əsərlərdir”.

 

Akademik Nizami Cəfərov  A.Axundovun şəxsiyyəti, tədqiqatları haqqında danışıb, barəsində xatirələrini bölüşüb. Onun sözlərinə görə, A.Axundov Azərbaycan dilçiliyi tarixində o şəxsiyyətlərdəndir ki, zəngin yaradıcılıq təcrübəsi meyar hesab olunur.

 

AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov deyib ki, A.Axundovun nəzəri dilçiliklə ardıcıl, hərtərəfli məşğul olması onun ən böyük üstünlüklərindən biri idi:”Bu üstünlük Ağamusa müəllimə imkan verirdi ki, təkcə dilçilik yox, həm də ədəbiyyat müstəvisində ən qəliz məsələlərin elmi həllində son sözü deyə bilsin”.

 

AMEA Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli akademik A.Axundovun uzun illər Dilçilik İnstitutuna rəhbərlik etdiyini diqqətə çatdırıb və indi onun vəzifəsini davam etdirməyin məsuliyyətinin böyük olduğunu deyib.

 

Kürdəmir şəhər icra hakimiyyətinin başçısı Elxan İbrahimov tədbirin A. Axundovun böyüyüb boya-başa çatdığı Kürdəmirdə keçirilməsinin əhəmiyyətindən danışıb.

 

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla isə A.Axundovun xatirəsini yaşadan hər kəsə dərin minnətdarlığını bildirib. “Mən xoşbəxt adamam ki, on beş yaşımdan Ağamusa müəllimlə təmasda olmuşam, ondan həyat dərsi almışam. O, mənim auditoriyada müəllimim olub”-deyən K.Abdulla  A.Axundovun təvazökarlığından, insanlara olan son dərəcə diqqət və qayğısından da bəhs edib.

 

Tədbirin sonunda akademik A.Axundov haqqında dünya alimlərinin fikirləri video-çarx vasitəsi ilə səsləndirilib, məktəblilər tərəfindən ona həsr olunan şeirlər oxunub.