Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin məşğulluğunu artırmaq məqsədi ilə tələbə və məzunlar üçün Karyera sərgisi təşkil olunub. Sərgidə nazirliklər, dövlət qurumları, komitə və təşkilatlar, müəssisələr, eləcə də universitetlə uğurlu əməkdaşlıq edən ölkənin qabaqcıl şirkətlərinin nümayəndələri iştirak ediblər.
Sərgidə Təcrübə və Karyera Mərkəzinin rəhbəri Xanlar Qəniyev bildirib ki, universitet rəhbərliyi tələbələrin keyfiyyətli təhsil almalarını təmin etməklə yanaşı, onların ixtisasları üzrə uğurlu karyera qurmaları üçün də köməklik göstərir. Sərgidə 80-ə yaxın dövlət qurumu, özəl şirkət və müəssisələrin iştirak etdiyini deyən X.Qəniyev məzunlara müxtəlif vakansiyalar üzrə, ümumilikdə 200-dən çox iş yeri təklif olunduğunu bildirib. Qeyd edib ki, sərgidə ölkənin aparıcı şirkətlərindən SOCAR, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Nəqliyyat Agentliyi, Bakı Metropoliteni QSC, Azəbaycan Dəmir Yolları QSC, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB, Holcim, Norm ASC, PMD Projects MMC, AzerGold QSC, Kapital Bank, Təmiz Şəhər ASC, Azercell və digər şirkətlər iştirak edirlər.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova Karyera sərgisini açıq elan edərək sərginin əhəmiyyətinə toxunub. Rektor bildirib ki, sərgi tələbə və məzunların karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunub. G.Məmmədova AzMİU-da artıq 3-cü dəfə keçirilən sərginin tələbə və məzunlara karyera yolunda ilkin addımlarını atmaqda böyük dəstək verəcəyini vurğulayıb. O, AzMİU-da Təcrübə və Karyera Mərkəzinin və Strateji planlaşdırma şöbəsinin fəaliyyət göstərdiyini, tələbələr üçün mütəmadi təlimlər, şirkət rəhbərləri, müxtəlif müəssisələrin insan resursları üzrə mütəxəssisləri ilə görüşlər təşkil etdiyini söyləyib.
Sərgidə iştirak edən Zəfəroğlu İnşaat MMC-nin direktoru Zəfər Məmmədov, Holcim Azərbaycan şirkətinin baş direktoru Xalid Samakaya ali təhsil və istehsalatla əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda məzunların karyera imkanlarının artırılması üçün belə sərgilərin böyük əhəmiyyət daşıdığını bildiriblər.
Çıxışlardan sonra AzMİU-nun rektorluğu və müəlllimlər sərgidə nümayiş olunan stendləri gəzib, şirkətlərin nümayəndələri ilə ünsiyyətdə olub, vakansiyalarla maraqlanıb.
Qeyd edək ki, 1000-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Sərgidə şirkət nümayəndələri təmsil olunduqları müəssisələrdəki vakansiyalar haqqında tələbələrə ətraflı məlumat veriblər. Xüsusilə iş axtarışında olan 4-cü kurs tələbələri bu sərginin onlar üçün çox vacib olduğunu, iş yeri tapmaq probleminin həllinə yardım edəcəyini vurğulayıblar. Sərginin gedişində məzunlar şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə ünsiyyət yarada bilib, şirkət nümayəndələrinə yaxınlaşıb, özlərinə uyğun vakansiyalara CV-lərini təqdim ediblər.