Bakı Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin tələbələri görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 114-cü ildönümü münasibətilə “Ədibin evi”nə ekskursiya ediblər. 

 

BDU-dan bildirilib ki, tələbələrə fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov rəhbərlik edib.

 

Ekskursiya zamanı tələbələr görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin həyat yolu, yaradıcılığı haqqında məlumatlar əldə edib, ona dair bəzi şəxsi əşyalarla, haqqında yazılmış kitablarla tanış olublar. Həmçinin onlar “Ədibin evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyevanın təqdimatında “Ədibin evindən hekayələr” layihəsi çərçivəsində bir neçə hekayəni dinləyiblər.

 

Sonra ev muzeyinin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırıblar.

 

Tələbələr onların marağına səbəb olan “Ədibin evindən hekayələr” layihəsinə qatılmaq arzusunda olduqlarını bildiriblər.

 

Qeyd edək ki, 2017-ci ildə açılan “Ədibin evi” Mir Cəlal Paşayevin 1929-1941-ci illərdə İçərişəhərdə yaşadığı mənzildir.