“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib.

 

İməcilikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin nümayəndələri də iştirak edib.

 

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

 

Keçirilən aksiya zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 m3 tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

 

Aksiyalar Xəzər dənizinin Azərbaycana aid olan şimaldan cənuba qədər bütün sahil zolağı boyunca həyata keçirilir.

 

Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən  Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.