Rusiya-Azərbaycan Universitetləri Assosasiyasının Rusiya tərəfdən həmsədri, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Oleq Aleksandroviç Baulin Sumqayıt Dövlət Universitetində (SDU) olub. Assosasiyanın Azərbaycan tərəfdən həmsədri, SDU-nun rektoru, professor Elxan Hüseynovla qurumun 3-cü forumunun keçirilməsi məsələsi müzakirə edilib.

 

SDU-nun professor-müəllim heyəti ilə görüşən O.A.Baulin görüşün əsas məqsədinin Rusiya-Azərbaycan universitetləri çərçivəsində bundan sonrakı əməkdaşlığı daha da gücləndirmək, 2021-ci il ərzində bu istiqamətdə  görülmüş işlərə dair məlumatları çatdırmaq və 2022-ci il üçün nəzərdə tutulmuş fəaliyyətin birgə müzakirəsi olduğunu deyib.

 

Ufa Dövlət Neft Texniki Universitetinin rektoru 2022-ci ilin prioritetləri sırasında hər iki universitet arasında mümkün olan birgə tədqiqat-nəşr, tələbə-müəllim mobilliyindən, layihələr çərçivəsində yeni tərəfdaşlıq imkanlarından danışıb. 

 

SDU-nun rektoru E.Hüseynov Ufa Dövlət Neft Texniki Universitetinin təhsildə innovasiya və əcnəbi tələbə qəbulu sahəsində geniş praktikasının olduğunu vurğulayıb və bu imkanlardan yararlanmaq barədə universitetin aidiyyatı inzibati struktur rəhbərlərinə tövsiyələr verib.