Avqustun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Azərbaycan Respublikası Vergilər Nazirliyi Aparatının rəhbəri Nazim Səmədovla görüşüb. Görüşdə Azərbaycan-Fransız Univeristetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərov da iştirak edib.
Qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən rektor, professor Mustafa Babanlı ADNSU-nun tarixi, tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələr, əcnəbi tələbələr və s. haqqında məlumat verib. Ali məktəbdə neft-qaz sahəsi ilə yanaşı iqtisadiyyat, energetika, İnformasiya Texnologiyaları və başqa ixtisaslar üzrə də mütəxəssis hazırlığı aparıldığını deyən rektor Mustafa Babanlı universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti haqqında danışıb.
Səmimi qəbula görə rektor, professor Mustafa Babanlıya öz təşəkkürünü bildirən Nazim Səmədov daha sonra Azərbaycan-Fransız Universitetində olub. UFAZ-ın icraçı direktoru dosent Vazeh Əsgərov öz növbəsində qonağı UFAZ-ın binası, auditoriyaları, laboratoriyası, maddi texniki bazası ilə tanış edib və universitetdə tədris olunan ixtisaslar, tələbə kontingenti, tədris üsulları və Fransanın ali təhsil sisteminin keyfiyyəti ilə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, Nazim Səmədov eyni zamanda Strasburq Universitetinin məzunudur və o, 2006-cı ildə müstəqil Azərbaycanın tarixində Strasburq Universitetində (keçmiş Marc Bloch) doktorluq dissertasiyasını müdafiə etmiş üç azərbaycanlıdan biridir.