Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramına həsr edilən “Türk dünyasının uşaqlarının birliyi” adlı bayram şənliyi keçirilib və azərbaycanlı rəssam Kövsər Qurbanın rəsmlərindən ibarət sərgi nümayiş olunub.

 

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, TÜRKPA-nın Baş katibi Mehmet Surayya Er, türk dövlətləri parlamentlərinin deputatları, Fonda üzv və müşahidəçi ölkələrin səfirləri və digər rəsmilər iştirak ediblər.

 

Fondun prezidenti Günay Əfəndiyeva Türk dünyasının gələcəyinin memarları olan uşaqları salamlayıb, onları Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda görməkdən şad olduğunu bildirib. Qeyd edib ki, hər bir dövlətin ən dəyərli varlığı sülhün, sevginin, ümidin təmsilçiləri olan uşaqlardır: “Bu gözəl gündə bayramın həyəcanını sizinlə paylaşaraq, bütün Türk dünyasının uşaqlarını buraya toplaşan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan uşaqların simasında birlikdə dünyaya sülh, dostluq və qardaşlıq mesajlarını yaymağa dəvət edirəm”. G.Əfəndiyeva deyib ki, rəhbərlik etdiyi Fondun  şərəfli  missiyası Türk dünyasının maddi-mədəni dəyərlərini gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

 

Tədbirdə çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı türkdilli uşaqları həmrəyliyə, dostluğa, qardaşlığa səsləyən bu kimi tədbirlərin mühüm əhəmiyyətindən bəhs edib. Səfir bildirib ki, 23 aprel həm də böyük Mustafa Kamal Atatürkün milli mübarizənin məşəlini yandırdığı gündür.

 

Bayram tədbirində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistanı təmsil edən uşaqlar tərəfindən Türk dünyasının həmrəyliyini ifadə edən mahnılar oxunub, milli geyimlərdə rəqslər nümayiş etdirilib, milli alətlərdə musiqilər ifa olunub, şeirlər səsləndirilib.

 

Sonda tədbirdə iştirak edən uşaqlara sertifikatlar və hədiyyələr təqdim olunub.

 

Sifai Səfərova