Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Yer Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.

 

Bakı-Şamaxı  yolunun Müşfiqabad qəsəbəsi ərazisində keçirilən aksiyada müxtəlif dövlət qurumları və ictimai birliklərin nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, prorektorlar- dosent Eldar Aslanov, professor Asəf Zamanov, professor Fikrət Rzayev, rektorun müşaviri Ümid Mehdiyev, şöbə müdiri Turan Kərimli və universitetin tələbələri də iştirak ediblər.

 

Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsi ərazisində 3 hektar sahədə 2000-dən çox müxtəlif növ ağaclar, əsasən zeytun və Eldar şamı əkilib.

 

Qeyd edək ki, Beynəlxalq Yer Günü 190-dan çox ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Hər il Beynəlxalq Yer Günü ilə əlaqədar dünyada milyonlarla insan müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağac əkir, yaşıllıqlara qulluq edir, təbiəti tullantılardan təmizləyir.