Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinə Kənd Təsərrüfatı Nazirliyi ilə İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzinin aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün yeni təcrübə proqramı barədə məlumat verilib.

 

Aqronomluq fakültəsində keçirilən görüşdə çıxış edən universitetin rektoru,  professor İbrahim Cəfərov bildirib ki, qeyd olunan təcrübə proqramı Aqronomluq, Torpaqşünaslıq, Aqrokimya, Baytarlıq, Zoomühəndislik, Aqrobiznes, İqtisadiyyat, Biologiya, Qida təhlükəsizliyi və Qida mühəndisliyi ixtisaslarında təhsil alan sonuncu kurs tələbələri, magistrantlar və məzunlar üçün böyük fürsətdir. Rektor namizədləri bu fürsətdən yararlanmağa çağıraraq qeyd edib ki,  təlim indiyə kimi  20000-dən çox iştirakçıya yeni bilik və bacarıqlar qazanmaqda, peşəkar kimi formalaşmaqda böyük motivasiya olub və gözəl imkanlar yaradıb.


Məlumat verilib ki, 2022-ci ilin avqustundan 2023-cü ilin iyununa kimi davam edəcək təlimdə iştirakçılar Aravadakı fermaların ərazisində təşkil olunan şəhərcikdə yaşayacaq, fermerlərin mentorluğu ilə innovativ əkinçilik texnikası ilə tanış olacaq, tədqiqat layihələrinə qatılacaqlar.


Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.