Ukraynalı tələbələr üçün Azərbaycan multikulturalizmi seçmə fənninin onlayn formatda yeni kursuna start verilib. Tədris çərçivəsində tələbələr Azərbaycan multikulturalizmi fenomeni və Azərbaycanda mədəniyyətlərarası, dinlərarası dialoq haqqında məlumat əldə edəcəklər.

 

Kursun mühazirəçisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna üzrə nümayəndəsi Marına Qonçarukdur. Seçmə fənnin tədrisi iki ay ərzində hər cümə günü Zoom platforması üzərindən keçiriləcək. Kursu bitirdikdən sonra tələbələrə sertifikatlar təqdim olunacaq. Azərbaycanda beynəlxalq multikulturalizm yay-qış məktəblərində iştirak etmək üçün kurs iştirakçılarına üstünlük veriləcək.

 

Birinci dərsə Taras Şevçenko adına Kiyev Milli Universiteti, “Dnepr Politexnik” Milli Texniki Universiteti, Kiyev Milli Mədəniyyət və İncəsənət Universitetindən 30-dan çox tələbə qatılıb.

 

Müharibə şəraitinə baxmayaraq, Ukraynada dövlət qurumları məktəblərdə və universitetlərdə tədris prosesinin davam etməsi üçün böyük səy göstərirlər. Vəziyyətin çətinliyinə baxmayaraq, tələbələr öyrənir və çox çalışırlar. Onların bir çoxu artıq Azərbaycan və Ukrayna multikulturalizmi haqqında araşdırmalar, məqalələr yazmağı planlaşdırır. 
 

 

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib.