Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ilə görüşüb.

 

Professor Mustafa Babanlı  Türkiyə və Azərbaycanın tarixi əlaqələrindən söz açaraq bu köklü bağlılığın təhsil sahəsində də sıx əməkdaşlığın yaranmasında ciddi rol oynadığını bildirib. ADNSU-da tədris prosesi, əldə olunan uğurlar, universitetin beynəlxalq əlaqələri, ixtisaslar, eləcə də ikili diplom proqramlarından danışan rektor İnönü Universiteti ilə ADNSU arasında əlaqələrin daha da yüksək səviyyədə inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

 

Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay da rəhbəri olduğu universitet haqqında geniş məlumat verib. O, Azərbaycanın texniki profilli öncül universiteti olan ADNSU ilə birlikdə təhsil proqramlarının, elmi layihələrin icrasında maraqlı olduqlarını qeyd edib və bu istiqamətdə universitet olaraq mövcud imkanlardan istifadə edəcəklərini bildirib.

 

Görüşdə Türkiyənin İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay və həmin universitetin professoru Tahmuraz Abbasov “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” ilə təltif olunublar. Rektor M.Babanlı medalları qonaqlara təqdim edib.

 

Sonra qonaqlar ADNSU-da, o cümlədən Azərbaycan-Fransız Universitetində tədris şəraiti ilə yaxından tanış olub, tədris laboratoriyalarına baş çəkiblər.