Ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalına yekun vurulub. 

 

Müsabiqə-festival Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə baş tutub. 

 

Bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsində məqsəd tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərməkdir. Həmçinin, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək də məqsədlər sırasında olub. 

 

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində (musiqi təmayüllü ali təhsil müəssisələri istisna olmaqla) əyani təhsil alan tələbələrdən ibarət özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, solo ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər, həmçinin orkestr və ansambllar (xor, xalq çalğı alətləri, estrada, vokal-instrumental, simli alətlər, aşıqlar və s.), rəqs kollektivləri (milli, müasir, bal və s.), solo ifaçılar (bədii qiraətçilər, müxtəlif musiqi alətlərində ifa edən fərdi ifaçılar, solo ifaçılar və s.) iştirak edib. 

 

Müsabiqə-festivalda ümumilikdə respublika üzrə 28 ali məktəb iştirak edib. 

 

Müsabiqə-festival 3 mərhələdə müvafiq yerlər üzrə aşağıdakı nominasiyalarda keçirilib:
- Milli və dünya xalqlarının çalğı alətləri;           
- Xor kollektivləri; 
- Rəqs (milli);           
- Rəqs ( müasir);
- Bədii qiraət (klassik və müasir ədəbiyyat nümunələri);
- Vokal (klassik, müasir və bəstəkar mahnıları);   
- Muğam;                                                          
- Xalq mahnıları;
- Aşıq mahnıları.  

 

Ümumilikdə festivalda 3000-dən çox tələbə iştirak edib. Birinci mərhələdə ali təhsil müəssisələrində münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə seçilmiş ən yaxşı ifaçılar və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar. 

 

Yekun konsertin nəticələrinə uyğun olaraq festival-müsabiqənin qalibləri müəyyən ediləcək. Hazırda müsabiqə-festivalın yekun konsertinə hazırlıq məşqləri davam etdirlir.

 

Müsabiqə-festivalın yekun konserti mayın birinci ongünlüyündə Bakıda keçiriləcək.