2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması ilə bağlı  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu silsilə tədbirlər həyata keçirir. Həmçinin Fond milli-mənəvi dəyərlərin təbliği, gənclərdə elmi və bədii mütaliəyə marağın artırılması, onlara kitaba sevginin və oxu mədəniyyətinin aşılanması istiqamətində mühazirə və görüşlər təşkil edir.

 

Bu silsilədən növbəti mühazirə Şamaxı şəhər Heydər Əliyev Mərkəzində baş tutub.  Tədbiri açan Şamaxı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səbuhi Həsənov Bilik Fondu ilə təmsil etdiyi qurumun birgə həyata keçirdiyi maarifləndirici tədbirlərdən bəhs edib. Bilik Fondunun İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlının “Cümhuriyyət - şanlı tariximiz” mövzusunda mühazirəsindən sonra ARB televiziyasının nəzdində “Aranfilm”in istehsal etdiyi eyni mövzuda “Sarmaşıqlı məzarlar” filmi nümayiş etdirilib.

 

İkinci maarifləndirici tədbir Şamaxı Mədəniyyət Evində təşkil olunub. Fondun əməkdaşının “Kitabın verdiyi dəyərlər” mövzusunda mühazirəsi yerli gənclər tərəfindən maraqla qarşılanıb.