V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri
Ötən illər təhsil sahəsində həyata keçirilmiş islahatlar bir sıra keyfiyyət dəyişikliklərinə rəvac vermişdir ki, bu da özünü təhsil müəssisələrinin və müəllimlərin yaradıcı təşəbbüslərlə çıxış etməsində özünü göstərir. Cari tədris ilində həyata keçirilmiş təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi də bu qəbildəndir. Müsabiqə qaliblərinin uğur hekayələrini təqdim edirik.
Bakı şəhəri Sabunçu rayonu akademik X.Yusifzadə adına 112 nömrəli tam orta məktəbin tarix müəllimi Şahnaz Quliyevanın müəllifi olduğu “Öyrənmə və öyrətmə sənəti” layihəsinin məqsədi müəllimlər, şagirdlər üçün “Fotoqrafik yaddaş” və “Beyin xəritələri” üsulunun tətbiqi ilə müstəqil öyrənmənin təmin edilməsi metodikasının mənimsədilməsinə dəstək olmaqdır. Layihənin hədəf və icrası barədə Şahnaz Quliyeva özü məlumat verir.
- Layihədə həllinə çalışmaq istədiyim məsələ “Fotoqrafik yaddaş” və “Beyin xəritələri” üsulunun tətbiq edilməsi ilə şagirdlərin daha səmərəli və qalıcı yaddaşa malik olmasını təmin etməkdir. Bu üsullar həm təhsilverənlər, həm də təhsilalanlar üçün olduqca əhəmiyyətlidir. Çünki fotoqrafik yaddaş tamamilə əzbərdən uzaq, analitik düşüncə, təxəyyül ilə şərh etmək baxımından güclü və vizual, emosional məna verən, öyrənməyə daimi təsir göstərən bir quruluşdur. “Fotoqrafik yaddaş” insan beynində məlumatların uzun müddət saxlanma qabiliyyətinin əsasını təşkil edir. “Beyin xəritələri” - təhsilalanın bütün məlumatları analitik bir sistemdə xəyal etmə, görmə zənginliyi və açar ifadələr kimi cəhətləri bir səhifədə cəmləyən xülasə formasıdır. Buna görə də çox uzun məlumat mənbələri belə analitik bir sistemdə cəmlənir, onu başa düşməyi və şərh etməyi gücləndirir. Sistemli təkrarlama və məlumatların özünəməxsus şəkildə təsəvvürümüzlə ümumiləşdirilməsinin asanlığı daimi öyrənməyi təmin edir. “Fotoqrafik yaddaş” və “Beyin xəritələri” eyni zamanda hər hansı bir imtahan sisteminə cavab vermək üçün ən dəqiq öyrənmə metodlarını təqdim edir.
Layihənin icrası çərçivəsində facebook sosial şəbəkəsində “Öyrənmə və öyrətmə sənəti” səhifəsi yaradılıb, “Beyin xəritələri” və “Fotoqrafik yaddaş” üsullarının öyrədilməsi məqsədilə Bakı şəhəri, Sabunçu rayonunun ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakını təmin etmək üçün Microsoft Forms üzərindən qeydiyyat aparılıb. Təlimlərdə iştirak etmək üçün 407 müəllim qeydiyyatdan keçib. Onların mütəmadi şəkildə məlumatlandırılması məqsədilə 2 WhatsApp qrupu yaradılıb. Layihə şərçivəsində əməkdaşlıq edəcək həmkarlarla müqavilələr bağlanmış, Microsoft Teams platforması üzərindən “Öyrənmə və öyrətmə sənəti” layihəsinin rəsmi açılış konfransı keçirilib. Konfransda rayonun ümumtəhsil məktəblərinin rəhbərləri, müəllimlər, layihə rəhbərləri, təlimçilər və ekspertlər iştirak ediblər. Daha sonra beynəlxalq təlimçi, “Öyrənmə və öyrətmə sənəti” qurucusu Göksəl Ağma tərəfindən təlimçilərin hazırlanması məqsədilə 20 saatlıq TOT təşkil edilib. Təlimlərdə layihə rəhbəri Şahnaz Quliyeva, təlimçilər Nurlanə Əzimova və Gülnaz Quliyeva iştirak ediblər. TOT bitdikdən sonra iştirakçılar sertifikatla təmin edilib. TOT Zoom platforması üzərindən həyata keçirilib. Təlimçilər tərəfindən təlim resurslarının hazırlanması üçün hazırlıq mərhələsi aparılıb. Əvvəlcədən qeydiyyatdan keçmiş 407 müəllimdən 60 müəllim müəyyən edilərək təlimlərə cəlb olunmaları üçün online formada anket sorğu keçirilib. Sorğuda iştirak etmiş 206 müəllim arasından ən yüksək nəticə göstərmiş 60 müəllim seçilib. İki qrup olmaqla 60 müəllimə 20 saatlıq “Öyrənmə və öyrətmə sənəti” təlimi təşkil edilib. Təlimin sonunda təlim materiallarının öyrənilmə səviyyəsini müəyyən etmək məqsədilə qiymətləndirmə aparılıb. Təlimdə iştirak edən müəllimlərə sertifikat təqdim edilib. Müəllim və şagirdlərin birlikdə hazırladıqları nümunələr əsasında onlayn festival keçirilib. Tədbirin gedişatı ilə bağlı video və fotolar layihənin facebook səhifəsində paylaşılıb. Sonda “Öyrənmə və öyrətmə sənəti” layihəsinin yekun konfransı keçirilib, layihənin məqsədi, vəzifələri, layihə müddətində görülən işlər, keçirilmiş təlimlərin əhəmiyyəti, təlimlərin şagirdlərə mənimsədilməsi və s. məsələlər müzakirə edilib. Konfransda layihə rəhbəri, təlimçilər və ekspertlər, müəllimlər və məktəb rəhbərliyi iştirak ediblər.
“Məktəbin məzunları olmuş şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması”
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qaliblərindən biri də Beyləqan rayonu Orta Əlinəzərli kənd 2 nömrəli tam orta məktəbin müəllimi Şükufə Şirinovanın müəllifi olduğu “Məktəbin məzunları olmuş şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” layihəsidir.
- Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin iştirakçısı oldum, torpaqlarımızın bütövlüyü naminə Vətən müharibəsi zamanı müqəddəs borcunu yerinə yetirərək şəhidlik zirvəsinə ucalan məktəbimizin məzunlarının xatirəsinə həsr etdiyim “Məktəbin məzunları olmuş şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” adlı layihəm uğur qazandı.
Layihənin məqsədi məktəbimizin məzunu olmuş şəhidlərin keçdiyi döyüş yolu və igidliklərini təbliğ etməklə gənclər arasında vətənpərvərlik ruhunun daim yüksək olmasına töhfə verməkdən ibarətdir. Şəhidlərimizin xatirəsini əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaq məqsədilə məktəbimizdə “Şəhidlər muzeyi” yaradıldı və kəndimizin girişində şəhidlərin xatirə kompleksi inşa olundu. “Məktəbin məzunu olmuş şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” adlı layihəyə ötən ilin oktyabrdan start verildi. Ötən vaxt ərzində layihənin təşkilat komitəsi yaradılıb. Üzərində Qarabağ həqiqətləri, Vətən müharibəsi və məktəbin məzunu olmuş 6 şəhid haqqında məlumatlar qeyd olunan 600 buklet çap olunaraq məktəbin bütün kollektivinə, şəhidlərin ailələrinə, kənd əhalisinə paylanılıb. Muzeydə şəhidlərin şəxsi əşyaları və döyüş qəhrəmanlıqlarını əks etdirən diplomların, orden və medalların, digər məlumatların əks olunduğu yazılı məlumatların surətləri toplanıb.
Layihənin icrası dövründə məktəblilərlə görüş zamanı xüsusi vurğulandı ki, vətənpərvərliyin təbliği ilə bağlı tədbirlərin davamlı olaraq keçirilməsi məqsədəmüvafiqdir. Hazırda layihənin başa çatmasına baxmayaraq tərəfimdən bu işlər mütəmadi olaraq davam etdirilir. Cari ilin martında “Şəhidlər baş tacımızdır” yazı müsabiqəsi keçirdik. Beyləqan rayonundakı bütün məktəblər yazı müsabiqəsində iştirak etdi.
“Hər kəs üçün təhsil”
Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qrantını qazanmış “Hər kəs üçün təhsil” layihəsinin rəhbəri, Şamaxı rayon Dəmirçi kənd tam orta məktəbin direktoru Şahmar Quliyev qeyd edir ki, təlim-tərbiyə prosesində elektron resurlardan istifadə dərslərdə əyanilin təmin olunması, şagirdlərin məzmunu daha yaxşı mənimsəməsi, yeni materialları daha maraqla, əyləncəli şəkildə öyrənməsinə səbəb olur.
- Son illər pandemiyanın təhsil prosesinin əyani formada təşkilində yaratdığı məhdudiyyətlər bütün ölkədə olduğu kimi, məktəbimizdə də təlim-tərbiyə prosesinə öz mənfi təsirini göstərdi, üzləşdiyimiz vəziyyət şagirdlərin hər hansı səbəbdən (internet, qurğu və s.) onlayn formada təhsilə cəlb olunmasında çətinliklər yaratdı. Bu da onların təlim nəticələrinin aşağı düşməsinə gətirib çıxardı. Yuxarıda göstərilən səbəblər və çətinliklər mənə təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi üzrə belə bir layihə yazmaq ideyası verdi. Yazdığım “Hər kəs üçün təhsil” layihəsinin məqsədi təlim və tərbiyə prosesində əyaniliyin, şagirdlərin öyrənmə prosesində onlayn platformalara əlçatanlığının təmin edilməsi, bununla da məktəbdə təlim-tərbiyə prosesində keyfiyyətin yüksəlməsinə nail olunmasından ibarət idi.
Layihə qrant qazandıqdan sonra onun icrası uğurla həyata keçirilib, gözlənilən nəticələrin əldə olunması təmin edilib. Belə ki, layihə çərçivəsində məktəbdə internetə çıxışı olan noutbuk və digər İKT avadanlığı ilə təchiz olunmuş tədris otağı yaradılıb. Tədris otağının təyinatı üzrə istifadə imkanları barədə müəllim və şagirdlərə geniş məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədinə uyğun olaraq xüsusi avadanlıqlarla təchiz edilmiş bu tədris otağı tədrisin distant formada təşkil olunacağı təqdirdə sürətli internetə çıxışı və ya internet bağlantısı olmayan, texniki imkanları məhdud olan şagirdlərin tədrisə cəlb olunmasını təmin edəcək. Tədrisin əyani formada təşkil olunduğu vaxtlarda isə həmin tədris otağı dərs prosesində əyaniliyi təmin etmək məqsədilə elektron resurslardan yararlanmada, şagirdlərin bilik və bacarıqlarının dərinləşdirilməsi və inkişaf etdirilməsində istifadə olunacaq. Əlavə olaraq şagirdlərin onlayn təhsil platformalarında (“Khan Academy”, safavy.org və s.) və Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn müsabiqələrdə (Polyup, Algoritmika, Kod saatı və s.) iştirakı təmin olunacaq.
Layihənin icra müddətində məktəb üzrə V-XI siniflər üzrə 16 şagird “Khan Academy” saytından qeydiyyatdan keçib, 2 həftə ərzində riyaziyyat fənni üzrə keçdikləri dərslərin möhkəmləndirilməsi üçün portalda olan elektron resurslardan, əlavə olaraq, V-VI sinif şagirdlərinin alqoritmika bacarıqlarının inkişaf etdirilməsi üçün tədris otağından istifadə edilib. Nəticə olaraq noyabr ayında keçirilən “Rəqəmsal gələcəyə addım” Kod saatı proqramlaşdırma müsabiqəsində VI sinif şagirdlərinin iştirakı təmin edilib. Hazırda şagirdlərin onlayn platformalarda fəaliyyəti davam etdirilir.
Layihə çərçivəsində yaradılmış tədris otağı müəllimlərin də onlayn şəkildə təşkil edilən ixtisasartırma kurslarında iştirakına imkan yaradacaq.
Sonda Təhsil Nazirliyinə yerlərdə innovasiya və inkişafa səbəb ola biləcək pedaqoji ideyaların layihə formasında həyata keçirilməsində göstərdiyi dəstəyə görə təşəkkür edirəm.
Oruc MUSTAFAYEV