Avqustun 13-də təhsil naziri Ceyhun Bayramov Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayon sakinlərini qəbul edib.
Qəbuldan əvvəl təhsil naziri Ceyhun Bayramov, Qazax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Məmməd Alıyev Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.
Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin bir rayondan digərinə dəyişdirilməsi, təhsil sənədlərinin tanınması və digər məsələlərlə əlaqədar müraciət ediblər.