Bakı Mühəndislik Universitetində (BMU) “Mediasiya və məhkəmə təcrübəsi”nə həsr olunan maarifləndirici tədbir keçirilib.
BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə Azərbaycanda mediasiyanın inkişafının və bu sahədə islahatların intensiv xarakter aldığını önə çəkərək, ötən il mediasiya ilə bağlı müvafiq qanunvericilik aktlarının qəbul olunduğunu deyib. Tədbirin əhəmiyyətini qeyd edən prorektor ali təhsil müəssisələrində tələbələrin mübahisələrin alternativ həlli yolu ilə bağlı biliklərinin artırılması mövzusunun önəm kəsb etdiyini vurğulayıb.
Sonra Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev “Mediasiya və məhkəmə təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib. Beynəlxalq təşkilatların dəstəyi ilə qabaqcıl dünya təcrübəsinə uyğun tənzimləməni özündə ehtiva edən Azərbaycan mediasiyasının normativ-hüquqi bazasının qurulduğunu söyləyən R.Əliyev bu sahəni tənzimləyən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 2021-ci ilin iyul ayından tam olaraq qüvvəyə mindiyini, digər qanunvericilik aktlarında müvafiq dəyişikliklərin olunduğunu nəzərə çatdırıb.
Hazırda mediasiya ilə bağlı maarifləndirici görüşlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan hüquqşünas bildirib ki, mediasiya mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı müəyyən olunan prosesdir.
R.Əliyev qeyd edib ki, ölkəmizdə mediasiya mülki, kommersiya, ailə, əmək, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparılır.
Hüquqşünas çıxışında nikah müqaviləsinin bağlanması, vərəsəlik hüququ, alimentlərin verilməsi və digər mövzularla bağlı da ətraflı məlumat verib.
Tədbir tələbələri maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.