Bakı Dövlət Universitetində (BDU) Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Təhsin Mütəllimovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan ədəbiyyatşünaslığının aktual problemləri” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb.

 

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Təhsin Mütəllimov Azərbaycan elminə və ədəbi fikir tarixinə misilsiz töhfələr verən böyük mütəfəkkir və əvəzolunmaz şəxsiyyətlərdəndir:”T.Mütəllimovun 90 illik ömrünün 70 ilə yaxını BDU ilə bağlıdır. Onun BDU-da yüksəkixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri var. Təhsin Mütəllimov Mir Cəlal, Abbas Zamanov, Əkbər Ağayev kimi nəhəng alimlərin çalışdığı akademik mühitdə peşəkar alim və tədqiqatçı kimi formalaşıb. İndiyədək Təhsin Mütəllimovun rəhbərliyi altında 20-dək fəlsəfə doktoru və elmlər doktoru müdafiə edərək alimlik dərəcəsi alıb”.

 

E.Babayev T.Mütəllimovun yaşının müdrik çağında da əsl elm fədaisi kimi yorulmadan çalışdığını, zəngin təcrübəsi ilə gənclərin yoluna işıq saldığını deyib.

 

Tədbirdə iştirak edən ADA Universitetinin rektoru Hafiz Paşayev Təhsin Mütəllimovun Mir Cəlalın ən sevimli tələbələrindən biri olduğunu və onu öz övladı kimi sevdiyini vurğulayıb: “Mir Cəlalın bütün tələbələri ona ailə başçısı kimi yanaşırdılar, tez-tez bizə gəlirdilər. Bu, çox isti və incə münasibət idi. Mən Təhsin Mütəllimovu Mir Cəlalın təkcə tələbəsi kimi deyil, oğlu kimi tanıyıram”.

 

Hafiz Paşayev qeyd edib ki, Təhsin Mütəllimovun Mir Cəlalın yadigarı olan “Ədibin evi”nin formalaşmasında da əməyi böyükdür: “Bura bir ədəbiyyat ocağıdır. Mən ədəbiyyatşünasları bu ocaqdan daha çox istifadə eləməyə çağırıram. Biz Azərbaycan ədəbiyyatını daha geniş təbliğ etməliyik. Bu baxımdan Təhsin Mütəllimov təkcə tələbələrə, ədəbiyyata, BDU-ya deyil, bütün universitetlərə lazımdır”.

 

Daha sonra çıxış edən BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, professor Ədibə Paşayeva, akademiklər Teymur Kərimli, Vasif Babazadə və digərləri T.Mütəllimovun həyatı və elmi-pedaqoji fəaliyyəti ilə bağlı fikirlərini bildirib, xatirələrini bölüşüblər.

 

Tədbirin sonunda çıxış edən T.Mütəllimov 90 illik ömrünü ləyaqətlə yaşadığını deyib: “Bir dəfə tələbələrimdən biri “Əsl müəllim necə olmalıdır?”- deyə soruşdu. Dedim ki, müəllim olmaq üçün əvvəlcə şəxsiyyət və insan olmaq lazımdır. Müəllim gərək öz tələbələrinə balası kimi baxsın. Ustadım Mir Cəlal vaxtilə deyərdi ki, bu universitetdə ən böyük adam tələbədir, tələbəni incitmək olmaz. Ustadımın bu sözü həmişə yadımda qalıb. Müəllimlik fədakarlıqdır”.