Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soareslə görüşüb.

 

Rektor Rumiyanın ölkəmizdəki səfirliyi ilə ADU arasında mövcud olan səmərəli əməkdaşlıqdan danışıb, gələcəkdə əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını bildirib:“İnanırıq ki, sizin köməkliyinizlə Rumıniya universitetləri ilə müxtəlif istiqamətli əlaqələrimiz daha da genişlənəcək, tələbə-müəllim mübadiləsi, birgə tədbirlərin keçirilməsi daha çox inkişaf edəcək. Universitetimizdə Rumın dili və mədəniyyəti mərkəzi bir neçə ildir uğurla fəaliyyət göstərir, tələbələr rumın dilini böyük maraqla öyrənirlər”.    

 

Rektor səfir Vasile Soaresə Rumıniya universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması ilə bağlı təklifini bildirib, diplomatı “Səfir saatı” layihəsində tələbələrlə görüşə, eləcə qədim türk dilləri mövzusunda mühazirə oxumağa dəvət edib.

 

Rumıniyanın Azərbaycandakı yeni səfiri Vasile Soares əməkdaşlığın bundan sonra daha da genişlənəcəyini söyləyib:“Bizim gələcəklə bağlı müxtəlif istiqamətli planlarımız böyükdür. Əlbəttə, Azərbaycan Dillər Universiteti ilə münasibətlərimizin daha geniş müstəvidə inkişafı prioritet istiqamətdir. Böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan və Rumıniya arasında dostluq münasibətləri uzun illərdir davam edir, əlaqələrimiz müxtəlif istiqamətlərdə, o cümlədən elm, təhsil və mədəniyyət istiqamətində inkişaf edir. Azərbaycan Dillər Universitetində Rumın dili və mədəniyyəti mərkəzinə olan diqqətinizə görə təşəkkür edirəm. Çox şadam ki, tələbələr rumın dilini öyrənirlər, bizim ölkəmizin tarixinə, dilinə, mədəniyyətinə maraq göstərirlər. Sizin Rumıniyanın nüfuzlu  universitetlərindən birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılması təklifinizi qəbul edirəm və bu istiqamətdə vacib addımlar atılacaq”.

 

Daha sonra qonaq ADU-da fəaliyyət göstərən mərkəzlərlə tanış olub, rumın ədəbiyyatının klassiki, görkəmli şair Mihay Emineskunun şeirlərinə çəkilmiş rəsm əsərlərinin sərgisində iştirak edib. ADU-nun Rumın dili və mədəniyyəti mərkəzinin rəhbəri Jozefina Blazsani-Batto sərgi haqqında iştirakçılara məlumat verib.

 

Tədbirdə ADU-nun tələbələri Mihay Emineskunun şeirlərini Azərbaycan və rumın dillərində səsləndiriblər.