Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində X-XI sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. 

 

İki mərhələdə keçirilən çempionatın seçim oyunu onlayn baş tutub. Oyunda respublika üzrə 174 komanda iştirak edib. 


Seçim turundan sonra 20 ən yüksək nəticə göstərən komanda finala dəvət qazanıb. Final mərhələsində Bakı, Gəncə, Ağdam, Sumqayıt, Şirvan, İsmayıllı, Samux, Yevlax, Balakən və Şəki məktəblilərinə 36 sual təqdim edilib. Nəticələrə əsasən, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin "Zəkalar Sr" komandası I, Şəki şəhər Kimya-Biologiya təmayüllü liseyin "Kvebek" komandası II, Gəncə şəhəri üzrə yığma "Bəndərçilər" komandası isə III yerə layiq görülüb.


Qaliblər kubok, medal, diplom və hədiyyələrlə qiymətləndirilib.


Qeyd edək ki, “Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində iki ilə yaxındır ki Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında məktəblilər üçün Azərbaycan və rus dillərində həftəlik intellektual oyunlar keçirilir.