Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Xəzər Media Mərkəzi" arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.
UNEC-in rektoru, professor Ədalət Muradov, “Xəzər Media Mərkəzi"nin baş direktoru Murad Dadaşov, eləcə də universitetin və “Xəzər Media Mərkəzi”nin əməkdaşları iştirak ediblər.
Rektor Ə.Muradov tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədilə UNEC-in real sektorla əlaqələrinin genişləndirilməsinin, eləcə də təhsil sektorunda bazar münasibətlərinin formalaşdırılmasının vacibliyindən danışıb. UNEC-də MBA proqramı üzrə “Sosial media marketinqi” sahəsində peşəkar mütəxəssis hazırlığı həyata keçirildiyini diqqətə çatdıran rektor, tələbələrin sosial medianın marketinq analitikası, sosial media ekosistemi, media kommunikasiyası və planlaması, korporativ idarəetmə və s. üzrə bilik və bacarıqlara yiyələndiklərini bildirib. Onların medianın fəaliyyətinə və işin müasir səviyyədə qurulmasına töhfələr verə biləcəklərindən əminliyini ifadə edib.
Professor Ə.Muradov “Xəzər Media Mərkəzi" ilə əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağını, ali təhsildə həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması və cəmiyyətin ölkə ali təhsilinə inamının artırılması baxımından faydalı olacağını deyib. Menecment, mühasibatlıq, informasiya texnologiyaları, dizayn, marketinq və digər müvafiq sahələrdə UNEC-in təhsilalanlarının bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı birgə layihələrin icrası, onların müvafiq sahələr üzrə istehsalat təcrübələrinin təşkil edilməsi, UNEC məzunlarının işlə təmin edilməsi, “Xəzər TV”-nin əməkdaşlarının ixtisasının artırılması və “Xəzər TV”-yə ekspert dəstəyi kimi tədbirlər nəzərdə tutulub.
“Xəzər Media Mərkəzi"nin baş direktoru M.Dadaşov UNEC-də müxtəlif istiqamətli ixtisaslar üzrə hazırlanan peşəkar mütəxəssislərin “Xəzər Media Mərkəzi”nin fəaliyyətinə cəlb olunmasının önəmini vurğulayıb. Əlavə edib ki, UNEC-lə əməkdaşlıq rəhbərlik etdiyi kollektiv üçün yenilik olmaqla yanaşı, maraqlı təcrübə olacaq.
Sonra UNEC rektoru Ə.Muradov və “Xəzər Media Mərkəzi"nin baş direktoru M.Dadaşov əməkdaşlıq haqqında memorandumu imzalayıblar.