Gradescope 2.75 milyon dollar investisiya alıb


Tədris tapşırıqlarının yoxlanması üçün  yaradılmış   Gradescope süni intellekt  platforması 2.75 milyon dollar investisiya alıb.  Bu, avtomatik qiymətləndirmənin inkişafını  sürətləndirəcək.

 

Gradescope universitetlərin və  orta məktəblərin yuxarı sinif  müəllimlərinə  təhsilalanların tədris tapşırıqlarının yoxlanmasına sərf etdiyi vaxtı və səyləri  azaltmağı təklif edir.   Platforma skanerdən çıxarılmış tapşırıqda şagirdin xəttini tanıyır və onu düzgün cavabla müqayisə edir. O, avtomatik qiymət  qoyur və şərhləri yaradır: əsas səhvlər nəylə bağlıdır və onları hansı prinsip birləşdirir. İşlərin ümumi statistikası və  ən  əsası bütün sinfin səhvləri sayəsində müəllim dərhal  anlaya bilər  ki,   təhsilalanlar  hansı mövzuda geridə qalır və nələrə əlavə vaxtı həsr etməyə dəyər. Yaradıcıların sözlərinə görə, ötən il ərzində adıçəkilən  platformadan 600 universitet, kollec və məktəb istifadə edib.  40  milyondan çox  imtahan işi və ev tapşırığı yoxlamadan keçib.  2017-ci ilin sonunda “Gradescope”  komandası süni intellektin köməyi ilə  qiymətləndirmənin sürətini 10 dəfə artırmaq üçün ABŞ-ın Milli Elmi Fondunun qrantını alıb.

 

 

Oruc MUSTAFAYEV